Leyla Əliyeva İsmayıllıda aztəminatlı ailələr üçün ağac əkdi - Foto

7 Aprel 2017 19:24 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, aprelin 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva İsmayıllı rayonunda meyvə ağaclarının əkilməsi üzrə pilot layihəsi çərçivəsində keçirilən ilk tədbirdə iştirak edib.

İsmayıllı rayonu İcra Hakimiyyəti tərəfindən ayrılmış 1.7 hektar torpaq sahəsində 340 ədəd meyvə ağacı əkilib. Salınan bu meyvə bağı İsmayıllı rayonunda yaşayan 3 aztəminatlı ailə arasında bölünüb və təmənnasız olaraq I qrup Qarabağ müharibəsi əlili Vüsal İsmayılov, II qrup Qarabağ müharibəsi əlili Rahim Əliyev, şəhid ailəsinin üzvü Nurəddin Qasımovun istifadəsinə verilib. Qeyd olunan ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və öz maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Gələcəkdə layihənin ölkəmizin digər rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.