Bakıda silahlı qarşıdurma: xəsarət alanlar var-EKSKLÜZİV-YENİLƏNİB

4 Fevral 2013 20:07 (UTC+04:00)
Bakı şəhəri, Rəsulzadə qəsəbəsində baş verən silahlı insident barədə AzNews.az-a daha bir neçə məlumat daxil olub. Məlum olub ki, qardaşlar arasında baş verən dava qəsəbənin mərkəzi parkında baş verib. Silah çəkən Xalid adlı şəxs qarşı tərəfi öldürməyə israrlı olub.

Məsələdən xəbər tutan Renat və İlkinin anası "102" xidmətinə zəng etdiyi və əraziyə polis gələndən sonra Xalid silahın qundağı ilə vurduğu zərbələri dayandırıb və ərazidən uzaqlaşmağa müvəffəq olub.
Bundan sonra qardaşlar Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Aldığımız məlumata görə, Renat ilkin müayinədən sonra ambulator müalicəyə buraxılıb. İlkinin xəsarətlərinin isə ağır olduğu bildirilir.

***
21:03

Bu dəqiqələrdə AzNews.az xəbər portalına paytaxtın Rəsulzadə qəsəbəsində silahlı insidentin baş verməsilə bağlı məlumat daxil olub. Məlumatda bildirilir ki, Binəqədi rayonu ərazisində yerləşən KredoAvro bankın rəhbərliyində təmsil olunduqları bildirilən Xalid və Zamiq qardaşları mübahisə zəminində Renat və İlkin qardaşlarına ağır bədən xəsarətləri yetiriblər.

Şahidlərin bildirdiyinə görə, tərəflər arasında əvvəlcə əlbəyaxa döyüş olub. Sonra Xalid avtomobilinə tərəf yüyürərək, maşından vinçester tipli odlu silah götürərək, onun dəstəyilə qardaşların başından bərk xəsarət yetirib. Ardınca isə havaya atəş açıb.

Nəticədə onlar ağır xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.
İnsident zamanı odlu silahdan atəş açan Xalid, hadisə yerindən qaçıb. Onun qardaşı Zamiq isə Binəqədi polisi tərəfindən yaxalanıb və hazırda dindirilir.

Tərəflər arasında mübahisənin pul üstündə yarandığı ehtimal olunur.
Baş verənlərlə bağlı daha ətraflı məlumat verməyə çalışacağıq.

Hadisə barədə daha ətraflı məlumat verəcəyik.

Orxan
Aznews.az