Əli İnsanov Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirib - Prokuror

12 Aprel 2017 18:42 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı bildirib ki, ittiham aktına əsasən, Ə.İnsanov cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində psixotrop maddələr əldə edərək saxlayıb: "Aparılan yoxlama zamanı həmin vasitələr aşkar olunub. Bununla bağlı protokol tərtib edilib. Bu zaman Əli İnsanov protokol yazan Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədova hücum edib. O, həmin şəxsin paqonunu cıraraq onu itələyib. Bu zaman Anar Məmmədov yıxılaraq başından xəsarət alıb".

Elan olunmuş ittiham üzrə Ə.İnsanov özünü təqsirli bilmədiyini söyləyib. Sabiq səhiyyə naziri ittihamları saxta adlandırıb.

Zərərçəkmiş qismində Anar Məmmədov dindirilərkən ittiham aktında yazılanları təsdiq edib.

Prosesdə hal şahidi olan məhkumlar - Rövşən Salahov, Şünasib Əliyev, şahid, keçmiş məhkum - Anar Təhməzov, Penitensiar Xidmətinin əməkdaşı Fizuli İsmayılov da ifadə verərək ittiham aktındakı faktları təsdiqləyiblər.

Məhkəmənin növbəti iclası aprelin 19-na təyin olunub.