Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi - bu ixtisaslara görə

12 Aprel 2017 18:53 (UTC+04:00)

AzNews.az Mərkəzin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2017/2018-ci tədris ili üçün Milli Aviasiya Akademiyasının (MAA) tələbə qəbulu qaydalarına müvafiq olaraq, MAA-nın 050616 kodlu “Uçuş mühəndisliyi” və 050615 kodlu “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi" ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər Heydər Əliyev Beynəlxalq Hava Limanı Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinədən və “Psixoloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, MAA-da isə “Fiziki hazırlıq üzrə” qabiliyyət müsabiqəsindən keçməlidirlər.

Abituriyentlərin tibbi müayinəsi 03 aprel – 12 may 2017-ci il, “Psixoloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsi isə 10 aprel – 12 may tarixlərində Heydər Əliyev Beynəlxalq Hava Limanı Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9:00-dan 16:00-dək keçiriləcəkdir. Xüsusi tibbi müayinədən keçmiş abituriyentlər arasında “Fiziki hazırlıq üzrə” qabiliyyət müsabiqəsi isə 2017-ci ilin 22 aprel, 29 aprel və 05 may, 13 may tarixlərində MAA-da saat 9:00-dan başlayaraq aparılacaqdır.