“Azərbaycanın təcrübəsindən yararlanmaq bizim üçün maraqlıdır” - Ukraynalı mer

13 Aprel 2017 14:47 (UTC+04:00)

Trendin məlumatına görə, bunu jurnalistlərə Azərbaycanda səfərdə olan Kiyev şəhərinin meri Vitali Kliçko deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevlə görüşü zamanı biznes sahəsində əməkdaşlığın, mədəniyyət, eləcə də idman sahəsində münasibətlərin inkişafı məsələsi müzakirə olunub.

V.Kliçko tərəflər arasında beynəlxalq tədbirlərin keçirilməsində təcrübə mübadiləsinin vacibliyini qeyd edib:

“Tezliklə Kiyevdə "Eurovision" mahnı müsabiqəsi keçiriləcək. Bu müsabiqəni yüksək səviyyədə keçirmək üçün Azərbaycanın təcrübəsindən yararlanmaq bizim üçün maraqlıdır”.

V.Kliçko qeyd edib ki, Bakı şəhərinin işıqlandırılması layihəsi yüksək səviyyədə həyata keçirilib. Onun sözlərinə görə, Bakıda binalar çox gözəl işıqlandırılıb və Kiyev bu təcrübədən yararlanmalıdır.

O bildirib ki, Kiyev üçün memarlıq sahəsində dəyişikliklərdə Bakının təcrübəsi maraqlıdır.

O həmçinin deyib ki, Bakıda Ukrayna məhsulları mağazalarının açılması planlaşdırılır.

V.Kliçko Ukraynada SOCAR yanacaqdoldurma məntəqə şəbəkələrinin genişləndirilməsinin vacibliyini də qeyd edib.

AzNews.az