3 nəfərin yandığı maşın Kəbirə Məmmədova Klinikasına məxsusdu - Video + Foto (Yenilənib)

14 Aprel 2017 11:42 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya düşən avtomobillərdən birinin diqqətçəkən dövlət nömrə nişanı 10 AX 002 ilə bağlı apardığı kiçik araşdırmanı təqdim etmişdi. Məlum olmuşdu ki, həmin nömrə daha əvvəl bahalı “Mercedes” avtomobilinin üzərində olub. Həmin avtomobilin görüntülərini də təqdim etmişdik. Sonradan bu nömrənin “VAZ-2104” (ilkin məlumatda “VAZ-2107” kimi təqdim olunub – red.) markalı avtomobildə olması sual yaradırdı. Davam edən araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata görə, hadisə zamanı yanan 10 AX 002 nömrəli “VAZ-2104” markalı avtomobil məşhur iş adamı, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın adını daşıyan “Kəbir Məmmədova Klinikası”na məxsus olub. Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, ilkin araşdırmalarla “VAZ-2104”ün sürücüsünün Gülağa Quliyev adlı şəxs olduğu məlum olub. Yanaraq ölən digər şəxslərin isə iki qardaş olduğu bildirilir. Lakin onların üzərində heç bir sənəd tapılmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

***

Bakıda baş verən yol qəzasında yanaraq ölən şəxslərin kimliyi məlum olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Zığ şossesində “KİA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107”-də yanaraq ölən şəxslərin avtomobilin sürücüsü - 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu, həmin avtomobildə olan sərnişinlər – 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu və onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu olduqları müəyyən edilib.

***

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Hadisə zamanı "VAZ 2107" markalı avtomaşın alışaraq yanıb.

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən "Report"a bildirilib ki, hadisə zamanı "VAZ 2107"-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Araşdırmalar davam etdirilir.

***

08:56

AzNews.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında baş verən qəzada “Kia” markalı 90 VT 097 nömrəli avtomobillə “VAZ” 2107 markalı maşın toqquşub.

Qəza nəticəsində "07" alışaraq yanıb. İlkin məlumata görə, maşının içində 2 nəfər yanaraq ölüb.