Aktyordan direktora sərt cavab: "Yaşamamalıyıq? Gedək ölək?"

14 Aprel 2017 13:44 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrının aktyoru Məhərrəm Musayev AzNews.az-a açıqlamasında teatrın rəhbərinin bu qərarı ilə razılaşmadığını deyib:

“Pensiya alırıq deyə bizim pulu kəsməlidirlər? İnsan yaşlaşanda ehtiyacı azalır? Əksinə, bir az da çoxalır. Mənim evim yoxdur, kirayədə yaşayıram. Belə olan halda mənim məvacibim necə kəsilə bilər? Pensiyanın maaşa nə dəxli var? 45 ildir ki, işləyirəm. Gülməlidir ey, yaşlı adam yaşamır, çörək yemir? Bunlar hesab edir ki, yaşlı adamların pulunu kəsib acından öldürmək lazımdır. Yaşamamalıyıq? Gedək ölək? Bizi indidən öldürüb, basdırırlar. Bunlar evin başçısını çölə atdılar. Gənclərə niyə bizim pulumuzla kömək edirlər? Bu düzgün deyil. Mən 102 manat alıram. Gənclər də 200-220 manat arasında. Heç gənclərin də məvacibi artmayıb.

Teatrın digər bir aktyoru, Xalq Artisti Yasin Qarayev isə teatr rəhbərinin şərtləri ilə razılaşdığını qeyd edib:

İki ay bundan əvvəl teatr rəhbərliyi ilə aramızda söhbət oldu. Onu aydınlaşdırdıq, indi də işləyirik, vəssalam. İdarənin rəhbəridir, direktordur, biz də reallıqla barışmışıq.

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov apa-ya verdiyi müsahibədə yaşlı nəslin aktyorlarının maaşlarının yarıbayarı azaltmasının səbəbini açıqlayıb.

O, qeyd edib ki, yaşlı nəslin aktyorlarıın kəsilən məvacibi gənclərin əmək haqqısının üstünə əlavə olunacaq:

Aktyorların 70-75 yaşı var, hər biri dövlət tərəfindən təqaüd alır, təmin olunublar. Evləri var, 1300 manat təqaüd alırlar, fəxri ada görə əlavə məbləğ ödənilir, maaşları da o cümlədən. Qənaət olan vəsait teatrın repertuarını çiyinlərində aparan gənclərin əməkhaqqına 15-20 manat əlavə olunacaq. Çünki onların əksəriyyətinin nə evi, nə fəxr adı var, nə mükafat alırlar, nə təqaüd.

Bahar RÜSTƏMLİ

AzNews.az