Qonşu dövlətlər suyumuzu zəhərləyir

5 Fevral 2013 12:46 (UTC+04:00)


Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən keçirilən yoxlamaların məqsədi Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək olub.

Məlumata görə, yanvar ayının III ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının II ongünlüyünə nisbətən 1 m3/san azalaraq 135 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 2, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

Yanvar ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevəndə fenollar 2, mis birləşmələri 3, Bəhramtəpədə isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.60-6.41 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.