Kürdəmirdə quşların tələf olma səbəbi məlum oldu

17 Aprel 2017 18:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, araşdırma zamanı quşlar arasında tələfatın yalnız Kürdəmir rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatında baş verdiyi müəyyən edilmiş, rayonun digər təsərrüfatlarında isə xəstəliklərdən kütləvi ölüm halı qeydə alınmamışdır. Həmçinin araşdırmalar zamanı təsərrüfat sahibinin özbaşına, baytar həkiminə müraciət etmədən baytarlıq aptekindən müxtəlif dərman preparatları alması və quşlara verməsi müəyyən olunmuşdur.

Tələf olmuş quşlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilmiş, həyət və toyuq hini dezinfeksiya edilmişdir.

Ölən quşlardan nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən quşların zəhərlənmədən və koksidioz xəstəliyindən tələf olması müəyyən edilmişdir. Patoloji-anatomik yarma zamanı isə quşların bağırsaqlarında külli miqdarda askarid qurdları aşkar olunmuşdur.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.