Nabranda istirahət mərkəzinin rəhbəri işlətdiyi fəhlənin pulunu vermir - Video

17 Aprel 2017 21:03 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, 29 yaşlı Əbülfəz Ağayev Nabran İstirahət Zonasında yerləşən istirahət mərkəzlərinin birinin tikintisində suvaq işini görüb.2015-ci ilin iyun ayından bəri obyekt sahibindən zəhmət haqqını ala bilmədiyini deyir. Əbülfəz Ağayevin sözlərinə görə, onunla obyekt sahibinin arasında hər hansı rəsmi razılaşma olmayıb. İstirahət Mərkəzinin tikdirən şəxs ona 190 manat versə də, qalan 385 manatı bu günə kimi ala bilmir.

Əbülfəz Ağayevin çalışdığı zamanda iş icraçısı olan Xaçmaz rayonunun Manafoba kənd sakini Elbrus Piriyev isə, obyekt sahibinin onlara verməli pulu ödədiyini qeyd edir. Lakin Əbülfəz Ağayevə obyekt sahibi şəxsən pul verdiyindən iş icraçısına verilən pula daxil edilməyib.

İstirahət mərkəzini tikdirən Surə Salahlı bildirir ki, o sadəcə iş icraçılarına pul verib. İşçilər də əmək haqqını iş icraçılarından alıb. İş icraçısı isə deyir ki, ona pul verilməyib. Əbülfəz Ağayev isə ortada qalıb.

Pulunu ala bilməyən fəhlə rəsmi sənəd olmadığına görə çarəsiz durumdadır.