248 nəfər inzibati məsuliyyətə cəlb olunub - DİN

19 Aprel 2017 16:05 (UTC+04:00)

DİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu ilin birinci rübü ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 244-cü (torpaqların zibillənməsi və korlanması), 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 248 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərə tətbiq olunan cərimələr 28 350 manat təşkil edib.

Təkcə bu ilin mart ayında keçirilən birgə tədbirlərlə paytaxtın Sabunçu, Suraxanı, Binəqədi, Xəzər, eyni zamanda, Abşeron rayonları ərazilərində İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrinin tələblərini pozan 12 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub, onlara 17450 manat cərimə tətbiq edilib.