Yasamalda atışma: yaralananlar var- EKSKLÜZİV-YENİLƏNİB
6 Fevral 2013 00:10 (UTC+04:00)
Bu gün gecə saat 23:00 radələrində Yasamal rayonu ərazisində silahlı inisident baş verib.
AzNews.az-a daxil olan məlumata görə, Zahid Xəlilov küçəsində yerləşən (Bakı Dövlət Universiteti ilə üzbəüz) "Elbara" restoranında müştərilər arasında baş verən mübahisə sonda qanlı olayla nəticələnib. 2 nəfər güllə yarası alıb.
Bu xəbəri aldıqdan sonra əməkdaşımız hadisə yerinə yollanıb.
Onun sözlərinə görə, restoranın qarşısında 5 PPX avtomobili var və ərazi mühasirəyə alınıb. Buna baxmayaraq, əməkdaşımız restoranın giriş qapısına yaxınlaşmaq imkanı əldə edib. Onun sözlərinə görə, restoranın girişi tamamilə qana bulaşıb və restoranın foyesində 30-a yaxın mülki geyimli vəzifəli şəxslər var. Onlar restoran əməkdaşları ilə söhbətlər aparırlar.
Hadisə nəticəsində yaralanan şəxslər -45 yaşlı Aydın Məmmədzadə və onun oğlu, 20 yaşlı Emin Məmmədzadə xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətinin ağır olduğu deyilir.
Şahidlərin sözlərinə görə, insident 2 nəfər silahlı şəxs tərəfindən törədilib və onların yanında qadınlar da olub. Hadisəni törətdikdən sonra silahlı şəxslər BMW X-5 və Mercedes markalı maşınlara minib, hadisə yerindən uzaqlaşıblar.
Ərazidə hüquq-mühafizə orqanları araşdırma aparır. Restorana heç kim buraxılmır.
Hadisənın təfərrüratları barədə əlavə məlumat verəcəyik.
Orxan
AzNews.az