Terrorçuluqla əlaqəsi olanların BMT siyahısına daxil edilməsinə dair əsaslar dəyişib

25 Aprel 2017 11:06 (UTC+04:00)

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nda etdiyi dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan qaydaya əsasən indiyə qədər fiziki və ya hüquqi şəxslərin Birləşmiş Siyahıya daxil edilməsi üçün sanksiyalar komitələrinə təqdimat verilməsi üçün əsaslar aşağıdakılar olub:

- “Əl-Qaida” və “Taliban”, onların struktur qurumları və ya onlarla əlaqəli hər hansı qrup və ya təşkilatla bağlı fəaliyyətin və ya əməllərin törədilməsində, planlaşdırılmasında, maliyyələşdirilməsində iştirak edilməsi;

-“Əl-Qaida” və “Taliban”a, onların struktur qurumlarına və ya onlarla əlaqəli hər hansı qrup, şəxs və ya təşkilata silah və ya döyüş sursatının satılması və ya başqa şəkildə ötürülməsi;

- “Əl-Qaida” və “Taliban”, onların struktur qurumları və ya onlarla əlaqəli hər hansı qrup, şəxs və ya təşkilat üçün insan resurslarının cəlb edilməsi, pul vəsaitlərinin və ya digər əmlakın toplanması, habelə onlara hər hansı digər formada dəstək verilməsi.

Dəyişikliyə əsasən, bundan sonra fiziki və ya hüquqi şəxslərin Birləşmiş Siyahıya daxil edilməsi üçün sanksiyalar komitələrinə belə təqdimatın verilməsi üçün əsas ümumiyyətlə, terror təşkilatları ilə əlaqə olacaq. Başqa sözlə, terror təşkilatı, onların struktur qurumları və ya onlarla əlaqəli hər hansı qrup və ya təşkilatla bağlı fəaliyyətin və ya əməllərin törədilməsində, planlaşdırılmasında, maliyyələşdirilməsində iştirak edilməsi, terror təşkilatına, onların struktur qurumlarına və ya onlarla əlaqəli hər hansı qrup, şəxs və ya təşkilata silah və ya döyüş sursatının satılması və ya başqa şəkildə ötürülməsi, terror təşkilatı, onların struktur qurumları və ya onlarla əlaqəli hər hansı qrup, şəxs və ya təşkilat üçün insan resurslarının cəlb edilməsi, pul vəsaitlərinin və ya digər əmlakın toplanması, habelə onlara hər hansı digər formada dəstək verilməsi təqdimat üçün əsaslar olacaq.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinin təqdim etdiyi məlumatlar və sənədlər əsasında fiziki və ya hüquqi şəxslərin BMT-nin Birləşmiş Siyahısına daxil edilməsi üçün təqdimat vermək səlahiyyətinə malikdir.

AzNews.az