“Oğluma deyirlər ki, anasına güvənir, rahatdır” - Xalq artisti

25 Aprel 2017 15:04 (UTC+04:00)

Bacılarından yalnız Gülyanaq Məmmədovanın səsi, avazı ilə bu sənətdə qaldığını deyən xalq artisti Gülyaz Məmmədova digər bacılarının musiqinin sadəcə yanından ötüb keçdiklərini bildirib:

“Altı bacı, hamımız oxuyurduq. Altı qızın hamısının səsi vardı. Birinci böyük bacım Kinayət oxuyub. Gözəl səsi vardı. Sonra Rəhimə bacım. Onun da səsi bal kimi idi. Gültəkin bacım da. Elnaz bacımın isə səsi vardı, o oxumadı. Yenə bunlar bir az oxudular, səhnədə oldular, ancaq kiçik bacım heç oxumadı. Mən gəldim. Ardımca Gülyanaq gəldi. Bir-birimizə təkan olduq. Alın yazısından qaçmaq olmaz”.

Sənətin irsi olaraq onlara ötürüldüyünü deyən müğənni hər zaman valideynlərinin dəstəyini hiss etdiyini dilə gətirib:

“Anamın da, atamın da gözəl səsi vardı. Atam zurna ifaçısı olub. Nənəmin də gözəl səsi vardı. Nənəm köhnənin qadını olsa da, oxumağa pis baxmırdı. Müasir qadın idi. Anam da onunla həmfikir idi”.

Gülyaz Məmmədovanın öz övladını da bu sənətə ciddi cəhdlə gətirməsi onu göstərir ki, nəsillikcə gələn ənənə yenə də davam etdirilir:

“Həmişə Gülyanaq deyirdi ki, qəşəng səsi var. Mən axtarışda idim hələ. İstəyirdim ki, təriflər kənardan gəlsin ki, mən də içimdə razılaşım. Onun istedadından razıyam”.

Oğlunun arxasında dağ kimi dayanıb üzərində yarpaq kimi əsən xalq artisti övladını yerə-göyə sığdıra bilmədi:

“Azaddır, artıq böyük oğlandır. Özü bilir nə etməli olduğunu. Mənim istəyim nədir, siqaret çəkməsin, xoşlamıram. İçki xoşlamıram. Bunlar yoxdu onda. Tərbiyəsi də ki yerində”.

Əvvəllər tar ifa edən, sonra estradaya daha yaxın olduğunu deyən Ramazan bu sahədə özünü rahat hiss etdiyini söylədi.

Ramazan: “Tar sinfinə getdim. Hiss etdim ki, muğam yönündə deyiləm. Sonra estradaya yönəldim”.

Gülyaz Məmmədova: “Maraqlı odur ki, uşaqlıqda səsi dəyişənə qədər milli mahnılar oxuyurdu. Ancaq səsi tez dəyişməyə başladı. Sonra hiss elədim ki, səs qalınlaşmağa başladı. İnanmırdım oxuyar. Sonra gördüm ki, oxumağa başlayır”.

Bəziləri Ramazana, anası xalq artisti, müğənni olduğu üçün onu irəli aparacağını söyləsələr də, Gülyaz xanım bununla razı deyil:

Gülyaz Məmmədova: “Tələbə yoldaşları deyir ki, anasına güvənir. Rahatdır. Deyirlər, balaca səsi var. Ancaq elə deməzdim. Səsin həcmi ilə deyil. Zil səsi olsun, qışqırsın, ancaq səsin duzu olmasın, həmin səs nəyə lazımdır. Səs hamıda var, onun məlahətli olması önəmlidir”.

Gülyaz xanım, oğlunuzu gələcəkdə kim olaraq görmək istəyirsiz? Yalnız toy səhnələri üçün ifa edən müğənni, yoxsa böyük səhnələrin mahir ifaçısı?

Gülyaz Məmmədova: “Toy o demək deyil ki, insanı geri çəkir. Toy özü də bir məktəbdir. Toyda çox mahnı öyrənirsən. İnsanlara qarşı rəftarında düzəlişlər olur”.

Ramazan: “Sırf toyla tanınmaq istəmirəm. Sənətimi səhnədə göstərmək istəyirəm”.

Gülyaz Məmmədova: “Elə müğənnilər var ki, bəlkə də, 50-60 yaşı var. Ömrünü toylara həsr edib. Gözəl səsi var. Ancaq səhnədə özünü göstərə bilməyib. Yəni o baxımdan izah etmək istəyirəm ki, həyatını sırf toya həsr etmək düzgün deyil”.

AzNews.az