Milli Şuranın mitinqində iştirak edənlər ağır cəzalandırılıb - Adlar

25 Aprel 2017 19:16 (UTC+04:00)

Musavat.com bu xəbəri məlumatlı qaynaqlardan alıb. Orada bildirilir ki, 8 aprel mitinqində iştirak edənlərin foto və video görüntüləri əsasında artıq çox kəskin cəza tədbirləri həyata keçirilib.

Milli Şuranın 8 aprel tarixli mitinqlərində iştirak edənlərə qarşı təqib və təzyiq prosesinə start verilib. Belə ki, mitinqdə iştirak edən kontingent polis və xüsusi xidmət orqanları tərəfindən video və foto görüntülərə alınıb.

Həmin video-foto görüntülər əsasında xüsusi yaradılmış qrup büdcə təşkilatlarında işləyənləri və tələbələri təsbit edib. Artıq, kimliyi müəyyən edilən müəllim və tələbələrin, o cümlədən, mənzil istismar sahələri əməkdaşlarının cəzalandırılması yekunlaşıb.

Mitinqdə iştirak etməsi təsbit olunan müəllimlər işdən qovulub; tələbələrin isə oxuduqları təhsil müəssisələrindən uzaqlaşdırılması proseduruna start verilib. Eyni zamanda, bir neçə MİS əməkdaşı işdən uzaqlaşdırılıb.

Musavat.com-a konkret rəqəmlər də daxil olub. Belə ki, indiyə qədər 48 mitinq iştirakçısı işdən qovulub. Sayt onlardan 5 nəfərinin adlarını dəqiqləşdirə bilib.

1. Vasif Alışlı, Saatlı rayonu Qaranuru kənd ümumi orta məktəbində müəllim

2. Səmid Məmmədov, Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə müəllim

3. Salam Mahmudov, Göyçay rayon Ləkçılpaq 2 saylı kənd orta məktəbində müəllim

4. Mahir Qocayev, Yuxarı Şirvan Kanal İstismar İdarəsində mühəndis hidrotexnik

5. Əli Abdullayev, Ağdaş Magistral Qaz kəmərləri istismarı sahəsində fəhlə

Məlum olduğu kimi, 8 aprel mitinqində çox az sayda insan iştirak edib və təşkilatçıların özləri, o cümlədən, AXCP sədri Əli Kərimli də bu aksiyanı özündən əvvəlkilərdən çox sönük kimi qiymətləndiriblər. Belə bir şəraitdə hakimiyyətin mitinq iştirakçılarının kimliyini təsbit etməsi və cəza paketini işə salması da asan olub.

Görünür, hakimiyyət müxalifətin nüvəsini də dağıtmaqda qərarlıdır və buna görə də güzəştsiz davranır, etirazçılara qoşulan az sayda büdcə çalışanlarını cəzalandıraraq, yerdə qalanlar üçün görk yaradır .

AzNews.az