AzNews.az Azərtac-a istinadən xəbər verir ki, “Synergy Group” tərəfindən təşkil olunan yarışın yeddinci turunun bütün görüşləri heç-heçə başa çatıb. Bu turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov İngiltərə təmsilçisi Maykl Adams, Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə qarşılaşıblar. Hər iki idmançımız ağ fiqurlarla oynayıb.
Digər görüşlərdə isə Rusiya şahmatçısı Sergey Karyakin həmyerlisi Vladimir Kramnik ilə üz-üzə gəlib. Hindistan təmsilçisi Pentala Harikrişna polşalı Radoslav Voytaşekə, ukraynalı Pavel Elyanov isə ABŞ təmsilçisi Uesli Soya rəqib olublar.
Beləliklə, yeddi turdan sonra Ş.Məmmədyarov 5 xalla turnir cədvəlində vahid liderliyi uğurla davam etdirir. Şahmatçımızın ən yaxın izləyiciləri ondan 1 xal az toplayan V.Topalov, U.So və M.Adamsdır. P.Elyanov 3,5 xalla beşincidir. Ondan yarım xal az toplayan S.Karyakin, T.Rəcəbov, R.Voytaşek və V.Kramnik müvafiq olaraq sonrakı yerləri tuturlar. Turnir cədvəlinin sonuncu pilləsində isə aktivində 2,5 xal olan P.Harikrişna qərarlaşıb.
Beynəlxalq turnirə aprelin 30-da yekun vurulacaq.