“Simurq” rəhbərliyi səhvini başa düşdü” - MÜSAHİBƏ

6 Fevral 2013 17:16 (UTC+04:00)



36 yaşlı çalışdırıcı vaxtilə Azərbaycanda şərəfini qoruduğu "Simurq" və "Standard"dan da danışıb.

- Əvvəllər ukraynalı azarkeşlərin yaxşı tanıdığı Mazyarın son illər səs-sorağı yox idi? Bu müddətdə nə ilə məşğul idiniz?

- Futbolçu karyeramı bitirdim: əvvəl peşəkar. Sonra həvəskar səviyyədə. Son peşəkar klubum Azərbaycanda oldu. Orada fasilələrlə "Simurq" və "Standard"da 3 il keçirdim. 2010-cu ildə Ukraynaya qayıdıb həvəskar səviyyədə vilayət çempionatında oynadım.

- Karyeranızı 33 yaşında başa vurmusunuz? Niyə belə tez?

- Mən futbol oynamağa alışmışam, ehtiyatda oturmağa yox. Artıq hiss edirdim ki, əvvəlki səviyyədə deyiləm. Ehtiyatda qalıb arabir oynamaq da mənlik deyildi. Üstəlik gənclər də mənə çatırdı. Onların da yolunu bağlamaq düzgün deyildi. İkinci dərəcəli komandalarda oynamaq da ürəyimcə deyildi.

- Azərbaycana uyğunlaşmaqda çətinlik çəkmədiniz. Bunda vaxtilə "Poliqraftexnika"da rəhbərliyi altında oynadığınız Roman Pokoranın da Zaqatala təmsilçisində çalışmasının rolu olub?

- Aleksandriya təmsilçisindən sonra mən Dneprodzerjinsk "Stal"ı və "Lvov"unda oynadım. Polşa klubuna keçirdim. Roman Mixayloviç azad agent olduğumu bilib mənə yarım illik müqavilə təklif etdi. Dedi ki, sonrasına baxarıq. Yarım illik gedib 3 il orda qaldım. "Simurq"la çempionatın bürünc medalını qazandım, Avropa Liqasına yüksəldik. 2009-cu ildə mövsüm çempionatın bombardiri oldum (əslində isə həmin mövsümün bombardiri "İnter"in uruqvaylı hücumçusu Valter Quqlemon olub). 2 dəfə 10 ən yaxşı legioner sırasına düşdüm. Komandamızda ukraynalılar az deyildi. Mən Mixail Starostyakla bir otaqda qalırdıq. Bizdən başqa Aleksandr Poklonski, Aleksandr Malıgin var idi. Həmyerlilərimiz gəlib-gedirdi, biz ikimiz isə qalırdıq.

- Bəs "Simurq"u niyə tərk etdiniz?

- Komandada gəncləşdirmə prosesi başladı və mən getməli oldum. Düzdür, tezliklə "Simurq" rəhbərliyi veteranlarla yolların ayrılması səhv addım olduğunu başa düşdü. Amma artıq gec idi.

- Ukraynaya qayıdandan sonra gələcək taleyinizlə bağlı düşündünüz?

- Dərhal qarşıma məşqçi olmaq məqsədi qoydum.