Avtomobillər durduğu yerdə niyə alışıb yanır? – Təhlükədən sovuşmağın yolları

1 May 2017 16:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, avtomobillərin yanmasını ən çox əcnəbi filmlərdə görmüşük. Təəssüflər olsun ki, film səhnələri getdikcə müasir dövrümüzün reallığına çevrilir.

Vaqif Əsədov (DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi):

"Ötən il ərzində 9 yol-nəqliyyat hadisəsi zamanı alışma qeydə alınıb. Bu il isə hələki 2 belə hal qeydə alınıb. Eyni zamanda ölüm faktları da olub".

Bu təkcə yol-nəqliyyat hadisələri zamanı baş verən yanma hadisələridir. Yol gedə-gedə və ya durduğu yerdə alışıb yanan avtomobilləri də nəzərə alsaq, vəziyyətin heç də ürəkaçan olmadığına şahid olarıq.

Avto-ekspert Ərşad Hüseynov avtomobillərin yanma hadisələrinin sayının artmasına 2 səbəb göstərir:

"Avtomobilin alışıb-yanmasının 90%-indən yuxarı yanmasının səbəbi elektrik sisteminə müdaxilədir. Həmçinin elektrik sisteminə vaxtında qulluq göstərilməyəndə bu cür faktlar olur".

Mütəxəssislər hesab edir ki, bəzən xaricdən elə avtomobillər gətirilir ki, onlar sel suları altında günlərlə qalan avtomobillər olur. Bu da avtomobilin elektrik naqillərində eroziya yaradır və yanmaya səbəb olur.

Avto-ekspert Ərşad Hüseynov avtomobillərin yanma hadisələrinin sayının artmasına 2 səbəb göstərir:

"Naqillər müəyyən yerlərdən açılmağa başlayır. Açılmış naqil avtomobilin korpusuna toxunur. Toxunma olduqda isə qısaqapanma yaranır və alov bürüyür".

Avtomobil ustaları da mövcud problemlə bağlı müxtəlif səbəblər göstərir.

Cavid Əliyev (usta): "Benzin "trupka"larından benzin buraxdıqda, yağ buraxdıqda yanğın ola bilər".

Yanmalara daha bir səbəb də avtomobillərə əlavə avadanlıqların quraşdırılmasıdır.

Vaqif Əsədov (DYP rəsmisi):

"Standartın tələblərinə uyğun olmayan, əhali arasında "ksinyon" kimi tanınan lampaların da avtomobillərə quraşdırılması və qeyri-standart naqillərdən istifadə edilməsi dayanmış vəziyyətdə belə avtomobildə yanğına səbəb ola bilər".

Amma bu o demək deyil ki, əlavə avadanlıq quraşdırılan hər avtomobil təhlükəlidir. Təbii ki, müəyyən şərtlərə əməl etməklə avtomobilə müxtəlif avadanlıqlar qoyula bilər.

Avtomobillərin yanması kasko sığorta növünə daxildir. Bu zaman şərtlər müştəri ilə sığorta şirkəti arasında bağlanan müqavilədən asılıdır.

Mustafa Abbasbəyli (sığorta mütəxəssisi):

"Azadolma məbləği müqavilədə nəzərdə tutulubsa, o məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğ ya pul şəklində, ya da natura şəklində avtomobilin eyni vəziyyətdə olan natura vəziyyətdə olan avtomobillə əvəzi verilir. Avtomobilin sahibinin imkanı olduğu təqdirdə xilas etmirsə, bu kimi hallarda sığorta ödənişinin verilməsindən imtina oluna bilər".

Sonda qeyd edək ki, avtomobilə əlavə avadanlıq yerləşdirilərkən də müqavilə bağlanılan sığorta şirkətinə məlumat verilməlidir. Çünki yerləşdirilən bu avadanlıqlar sığorta riskini artırır.