Oğlanlarımız kənar millətdən qız alacaq - Milli-etnik tərkib dəyişəcək

3 May 2017 17:25 (UTC+04:00)

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov bildirib. Onun sözlərinə görə, kəndlərdə vəziyyət daha dəhşətlidir.

Ölkədə hər 1000 nəfər kişiyə düşən qızların sayının getdikcə azaldığını deyən N. Əyyubov qeyd edib ki, tendensiya azalmağa doğru gedir: “Gələcəkdə oğlanlara qızların tapılmaması nəticədə əhalinin yaş-cins tərkibi dəyişəcək. Bu da milli-etnik tərkibin dəyişməsi deməkdir. Oğlanlar evlənməyə qız tapmadıqda istər-istəməz kənar millətdən qız alacaq və bu, ölkənin milli-etnik tərkibinin dəyişməsinə səbəb olacaq. Həmişə Azərbaycan əhalisinin tərkibində qadınların sayı kişilərə nisbətən 1-2% çox olub. Artıq bəzi rayonlarda, kəndlərdə əks vəziyyət müşahidə olunur. Kənd yerlərində fərq daha çoxdur. Bu baxımdan orta respublika səviyyəsi ilə müqayisədə kənd əhalisində vəziyyət çox pisdir”.

N. Əyyubov ölkədə demoqrafik artım göstəricilərinin də azaldığını bildirib. Onun sözlərinə görə, 90-cı illərdə hər min nəfərə 19-20 nəfər düşürdü, sonra bu rəqəm 8-9 nəfərə düşüb. Demoqrafik qanunlar qanun olunandan sonra ölkədə sosial iqtisadi vəziyyətin nisbətən yaxşılaşdığını deyən şöbə müdiri qeyd edib ki, ondan sonra hər min nəfərə təbii artım 12-yə qədər artıb: “Bu gün yenə də azalma gedir. Demoqrafik vəziyyətin artıb-azalması problem deyil. Əsas məsələ milli-mənəvi dəyərlərin aşınması, oğlan-qız nisbətinin pozulmasıdır”.

AzNews.az