“Yoxsulluq həddi 75 faizdən 12 faizə düşüb” - Baş nazirin müavini

4 May 2017 10:14 (UTC+04:00)

APA-nın məlumatına görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində yazıb.

Ə. Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Müqayisə üçün bu yeni yaşayış komplekslərinin mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan iki dəfə çoxdur: "Yeni qəsəbələrdə insanların rahat yaşaması, uşaqların təhsil alması, sağlamlıqlarının qorunması məqsədilə bütün zəruri sosial obyektlərlə yanaşı, texniki infrastruktur da yaradılıb. Konkret desək, 151 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr elektrik, 465 kilometr qaz xətti çəkilib. Məcburi köçkünlər üçün ən böyük təhsil ocağı - 1300 şagird yerlik məktəb 2012-ci ildə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, gücünə görə (280 meqavat) ən böyük elektrik yarımstansiyası 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilib. İndiyədək 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bundan 46 min ailə, yaxud 230 min nəfər son 13 ilin payına düşür. Yeni qəsəbələrin salınmasına ümumilikdə 2,3 milyard manat vəsait sərf olunub. Bunun 2 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir və onun da 1,95 milyard manatı, yaxud 97 faizi son 13 ildə ayrılıb.

Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,2 milyard manat məbləğində vəsait xərclənib. Bunun 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bu vəsaitin də 85 faizi, yaxud 5,2 milyard manatı son 13 ildə istifadə edilib.

Prezident İlham Əliyev 2003-2016-cı illərdə məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə 32 dəfə görüş keçirib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb".

Ə. Həsənov yazır ki, məcburi köçkünlərin müvəqqəti sıx məskinlaşdığı obyektlərdə infrastrukturun yaxşılaşdırılması məqsədilə Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanmış kredit sazişi üzrə 610 min nəfərin faydalandığı və dəyəri 85,6 milyon manat təşkil edən 910 mikrolayihə icra edilib. Həmçinin 11 min məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilib. Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb, 2016-cı ildə hər məcburi köçkünə 750 manat vəsait sərf olunub.

AzNews.az