“Avis” Apteklər Şəbəkəsinin rəhbəri ilə bağlı şikayət təmin edilmədi

4 May 2017 11:28 (UTC+04:00)

APA-nın xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov E. Məhərov barəsində 3 il şərti cəza təyin edib və o, məhkəmə zalından azadlığa buraxılıb. Dövlət ittihamçısı isə E. Məhərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Bakı şəhərində fəaliyyət göstərən "AVİS” aptekində dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə "Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən AVİS aptekində bir qutusunun qiyməti 326 manat olan "Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vasitələrinin qanunsuz satılması müəyyən edilib. "Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O. Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitəsi, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb. Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı "Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən "AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən "AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən "AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitələri aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb. E. Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

AzNews.az