Prezident BMT-nin ali nümayəndəsini qəbul edib - Foto

4 May 2017 12:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib.

Nassir Abdulaziz Al-Nasser dedi: “BMT Sizin liderliyinizi yüksək qiymətləndirir. Bu liderlik özünü xüsusilə mədəniyyət, dinlərarası dialoqda və qarşılıqlı anlaşmada göstərir. Bu, çox önəmli məsələdir. Dünya çətin bir dövrü yaşayır. Biz digər ölkələrlə müqayisədə Azərbaycana baxanda burada Sizin rəhbərliyinizlə sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu görürük. Dünyada Sizin kimi liderlərə böyük ehtiyac var, biz bunu yüksək qiymətləndiririk”.

Dövlət başçısı xoş sözlərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Nassir Abdulaziz Al-Nasserin dünyada sivilizasiyalararası dialoqun inkişafı və möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini vurğulayıb, ötən il Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, həmçinin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində onun rolunu və verdiyi dəstəyi yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.