Bakı avtobuslarında cibgirlər peyda olub - “Lezva” atırlar

5 May 2017 12:54 (UTC+04:00)

Şahidlərin Missiya.Az-a verdiyi xəbərə görə, cibgirlərə əsasən Xırdalan-Masazır istiqamətində hərəkət edən 119, 135, 525,199 nömrəli avtobuslarda rast gəlinir.

Üç nəfərdən ibarət olan cibgir dəstəsi sərnişinlərdən oğurluq etmək üçün xüsusi plan hazırlayırlar. Şahidlərin sözlərinə görə, oğrular qurbanlarını dövrəyə aldıqdan sonra niyyətlərini həyata keçirməyə çalışırlar. Onların bu çırğın əməllərini görən sərnişinlərə qarşı xüsusi amansızlıqla yanaşırlar.

Bu oğruların ən təhlükəli cəhəti isə ağızlarında «lezva» gəzdirmələridir. Oğurluqlarından xəbər tutub müqavimət göstərən sərnişinləri ağızlarına yerləşdirdikləri «lezva» ilə qorxudurlar.

Hadisə şahidi oğruların əlamətlərini də deyib. Onun sözlərinə görə, cibgirlərdən ikisinin boyu hündürdür, biri isə orta boyludur. Oğrulardan ikisi eynək taxır.

Ümid edirik ki, bu faktla bağlı hüquq-mühafizə orqanları lazımi ölçü götürəcəklər.

AzNews.az