"Bu cinayət cəzasız qala bilməz və qalmamalıdır"- Qənirə Paşayeva

5 May 2017 15:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva bahalı avtomobili ilə 24 yaşlı ananın ölümünə səbəb olan biznesmenin oğlunun şəkillərinə münasibt bildirərkən deyib.

O, qeyd edib ki, bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının sosial mediada paylaşılan şəkillərini görüb: “İçki içərkən, qəlyan çəkərkən və sair və həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə ata-analar öz övladlarını necə bədbəxt edirlər deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. 24 yaşlı gənc ananın ölümündə günahkar 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır. Yaşı çatmayan və demək sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir. Bu uşağın sənədsiz şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa, hansı addımlardır? İctimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək.”

Qənirə Paşayeva atanın mətbuatdakı açıqlamalarından böyük təəssüf keçirdiyini bildirib: “Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin, neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsiib etsə övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınızı, onların tərbiyəsini... Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır tam əksi nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki, ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa o ailə və iki uşaq anasını yetim qoyan o "uşaq" bir ömür vicdan əzabı cəzası çəkəcəklər. Amma bu cinayət cəzasız qala bilməz və qalmamalıdır. Zəngin insanlar bu hadisəyə, insanların haqlı hiddətinə, qəzəbinə, etirazına diqqətlə yanaşmalı və dərs almalıdırlar.”

Qənirə Paşayeva məsələ ilə bağlı aidiyyatı qurumlara mesaj ünvanlayıb: “Qanunlar qarşısında hamı eyni olmalıdır. "Porche" avtomobili və onun sahibi də qanun-qaydalardan üstün deyil və olmamalıdır.”

Bahar RÜSTƏMLİ

AzNews.az