Meraya Keri Bakıda canlı konsert verəcək

5 May 2017 16:43 (UTC+04:00)

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AzNews.az-a verilən məlumata görə, mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə sahib Meraya Keri 2017 Formula 1 Azərbaycan Qran Prisinin podium mərasimindən sonra dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə ən çox sevilən ifalarını səsləndirəcək.

Karyerasının zirvəsində olduğu bir dövrdə Las Veqasda ilboyu davam edən silsilə konsert proqramlarına ara verərək Bakıya təşrif buyuracaq dünya ulduzu Meraya Keri yarış başa çatdıqdan sonra Bakıda ən məşhur mahnılarını ifa edərək Formula 1 azarkeşlərinə unudulmaz gecə yaşadacaq.

Müğənnilik karyerasında ifa etdiyi möhtəşəm mahnıları ilə ABŞ-da 18 dəfə ən yüksək pillədə yer alan Meraya Keri Bakıda ona dünya şöhrəti qazandırmış bu mahnılarından “Hero”, “Fantasy”, “Always Be My Baby”, “We Belong Together” və başqalarını səsləndirəcək.

Dünya pop-ulduzu Meraya Kerinin mahnıları indiyədək ümumilikdə 220 milyondan çox satılıb. Meraya Keriyə ABŞ-da “Nömrə-1” ünvanını qazandıran 18 mahnıdan 17-sinin sözləri ona məxsusdur. “Fantasy”, “Always Be My Baby”, “Hero”, “Touch My Body”, “One Sweet Day” və “We Belong Together” kimi mahnıların sözlərini yazan Meraya Keri öz mahnıları ilə dünya şöhrəti qazanmış ən məşhur solo ifaçı hesab olunur.

Bu il keçirilən Azərbaycan Qran Prisinin sonuncu günündə Bakıda səhnəyə çıxacaq dünya ulduzunun adının açıqlanmasına BŞH-nin icraçı direktoru Arif Rəhimovun münasibəti belə olub: “Biz musiqi tarixində ən böyuk uğur qazanmış xanım müğənnini Bakıda baş tutan ikinci Formula 1 yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meraya Keri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsdir. Onun ən çox sevilən mahnılarını ifa edəcəyi konsert proqramında iştirak etmək həqiqətən də böyük bir ayrıcalıqdır və bu tədbir mövsümün ən möhtəşəm və ən baxımlı Formula 1 həftəsonunu ən gözəl şəkildə yekunlaşdıran mükəmməl bir final olacaq. Biz bu tədbiri bütün dünya ilə birlikdə yüksək səviyyədə qeyd etməyə hazırıq və hamını bu yay Bakıda bizimlə birgə olmağa dəvət edirik!”

Bu il Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun tarixlərinə təsadüf edir.