Bakıda manyak peyda oldu: Məktəbli qızlara əlində tutduğu…

5 May 2017 17:20 (UTC+04:00)

Bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən valideynlərdən biri məlumat verib. Valideyn bildirib ki, Xətai rayonunda, Ali Məhkəmənin yanında “keşik çəkən” manyak yaxınlıqda yerləşən məktəblərdən çıxan yeniyetmə qızların qarşısını kəsir, onlara əlində tutduğu planşetdəki əxlaqsız fotoları göstərməyə çalışır:

“Artıq 15 günə yaxındır ki, eyni hal təkrarlanır. Ötən gün məktəbli uşaqlardan biri manyakın bu qəfil hərəkətindən özünü necə itiribsə, avtomobillərin sürətlə hərəkət etdiyi prospektə çıxıb. Xoşbəxtlikdən, qəza baş verməyib. Valideyn olaraq çox narahatıq”.

Valideynin sözlərinə görə, övladlarını qarşılamaq üçün artıq sözügedən əraziyə getməyə məcbur olublar:

“Yaxınlıqda növbə çəkən polislərə bu barədə məlumat verdik. Təəssüf ki, həmin vaxt manyak orada yox idi. Polislər isə foto və yaxud videofakt təqdim etməyimizin lazım olduğunu dedilər”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif Axar.az-a açıqlamasında bildirdi ki, bu haqda rəsmi müraciət daxil olmayıb:

“Buna baxmayaraq, sizin müraciətiniz mütləq nəzərə alınacaq və ən qısa müddətdə müvafiq tədbirlər görüləcək”.

AzNews.az