“BMT-də bəzi dövlətlər Ermənistanı dəstəkləyir, ona görə qətnamələr icra olunmur”- Əli Həsənov

6 May 2017 11:13 (UTC+04:00)

AzNews.az apa-ya istinadən xəbər verir ki, bu sözləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Qütbləşmə dövründə inklüziv dialoq" mövzusunda paneldə BMT baş katibi müavininin vəzifəsini icra edən, qurumun İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir deyib. O bildirib ki, BMT yaranan zaman müharibələrdə qeyri-dövlət aktorları olmayıb:

Terrorçular terror hadisəsi törədir və bununla da özünə siyasi divident qazanır. Terrorizm problemini bir gecədə həll etmək mümkün deyil. Biz problemləri inklüziv dialoq yolu ilə həll edə bilərik. Siyasi həll yolları əsas həll yolları olmalıdır. Məsələn, Cənubi Afrikada tərəflər arasında danışıqlar oldu, sonra Nelson Mandela prezident seçildi. Münaqişələrin həlli üçün müxtəlif vasitələrdən, o cümlədən mədəniyyətlərarası dialoqdan istifadə etmək olar.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, 3-cü dünya müharibəsinin olmamasına görə BMT-yə təşəkkür etmək lazımdır:

Hər bir dialoq sonda beynəlxalq hüquqa, BMT Nizamnaməsinə əsaslanmalıdır. Nizamnamənin qarantı BMT Təhlükəsilik Şurasıdır. Təhlükəsizlik Şurasının ünvanına iradlarla razılaşmamaq mümkün deyil. Suriyada niyə münaqişəyə son qoyulmur? Ortaq həll yolu tapmaq üçün istinad beynəlxalq hüquqdur. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün 4 qətnamə qəbul edib. BMT-də bəzi dövlətlər var ki, Ermənistanı dəstəkləyir, ona görə qətnamələr icra olunmur. Yoxsa, elə qətnamələr var ki, saatlar ərzində icra olunur. BMT ilk növbədə beynəlxalq hüququn aliliyini qorumalıdır.