Güləşçilərimiz növbəti medallarını qazandılar

6 May 2017 12:21 (UTC+04:00)

AzNews.az "AZƏRTAC"a istinadən xəbər verir ki, Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Murad Süleymanov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olublar.

Dördüncü yarış günündə 58 və 69 kiloqramda qadın, 70 və 125 kiloqram çəkidə isə sərbəst güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Çempionatda 58 kiloqramda mübarizə aparan Nataliya Sinişin ilk görüşdə İtaliyadan olan rəqibini tam üstünlüklə məğlub edib. Norveç təmsilçisi ilə gərgin keçən görüşü uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Bu görüşdə Polşa idmançısını mübarizədən kənarlaşdıran Nataliya bürünc medal şansını qoruyub. Üçüncü yer uğrunda görüşdə Macarıstan idmançısına uduzan Sinişin çempionatı 5-ci yerdə tamamlayıb.

Elis Manolova (69 kq) ardıcıl Yunanıstan və İsraildən olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya idmançısına uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Bu görüşdə Fransa idmançısına uduzan Manolova çempionatda beşinci olub. .

İlk görüşündə İtaliyadan olan rəqibinə uduzan Ruslan Dibirhacıyev (70 kq) rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Moldova idmançısını üstələyən Ruslan bürünc medal uğrunda mübarizə aparıb. Rumıniya təmsilçisinə qalib gələn Ruslan Avropa çempionatının bürünc medalını qazanıb.

Turnirdə 125 kiloqram çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov ardıcıl olaraq Belçika, Ermənistan və Slovakiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə onun rəqibi Türkiyə idmançısı Taha Akgül olub. Gərgin keçən qarşılaşma Türkiyə idmançısının qələbəsi ilə yekunlaşıb. Cəmaləddin Məhəmmədov Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.

AzNews.az