Şuşanın işğalından 25 il ötür

8 May 2017 09:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 1992-ci il mayın 8-nə keçən gecə şəhər bir neçə saat intensiv artilleriya atəşinə tutulub, ardınca üç tərəfdən hücum başlayıb və Şuşa talan olunub.

Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz doğma yurd-yuvalarından didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi abidələr düşmən tərəfindən dağıdılıb. Bu siyahıya Xan, Qaxal mağaraları, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.