İki avtobusun hərəkəti dəyişdi

10 May 2017 15:03 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a verilən məlumata görə, buna səbəb Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasiminə hazırlıq işlərində iştirak edən könüllülərin, texniki personalın və digər şəxslərin ictimai nəqliyyatdan rahat istifadəsini təmin etməkdir. Artıq bununla bağlı Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olan marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib.

Məlumat üçün onu da qeyd edək ki, 2 və 96 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müvəqqəti olaraq dəyişdirilərək Bakı Atıcılıq Mərkəzinə qədər uzadılıb. Məqsəd IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar burada keçiriləcək yarışlarda iştirak edəcək tamaşaçıların, könüllülərin və işçi qüvvəsinin ictimai nəqliyyatla rahat gediş-gəlişini təmin etməkdir.