Peterburqda ermənilərlə dava zamanı saxlanılan azərbaycanlılar sərbəst buraxıldı

10 May 2017 19:02 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovun sözlərinə görə, yürüş zamanı ermənilər təxribata əl atıb:

"Onlar qondarma rejimin bayrağını əllərində tutaraq şüarlar səsləndiriblər. Bunu azərbaycanlı gənclər görüblər. Onlar yürüşün mühafizəsini təşkil edən OMON-a və polisə qondarma "DQR"in bayrağının yığışdırılması üçün müraciət ediblər. Lakin buna məhəl qoyulmayıb. Bundan sonra azərbaycanlı gənclər ermənilərin əlindən həmin bayraqları alıblar. Bu zaman onların arasında dava düşüb. Hadisəyə dərhal polis müdaxilə edib. 10 nəfər həmyerlimiz polis bölmələrinə aparılıb".

S. Qasımov konsulluq əməkdaşlarının dünən məsələ ilə məşğul olduqlarını söyləyib: "Müdaxiləmiz nəticəsində polis bölmələrinə aparılan gənclər sərbəst buraxılıb".

Baş konsul ermənilərin törətdiyi təxribatla bağlı şəhər rəhbərliyinə və müvafiq orqanlara müraciət edildiyini də vurğulayıb.

Qeyd edək ki, oxşar hadisə dünən Moskvada da baş verib. "Ölməz alay" adlı aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq "Artsax" deyə qışqırıblar. “Belarusskaya” metrostansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb. Azərbaycanlı gənc diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb ediblər. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb. Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər.