IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi möhtəşəm görüntülərlə yadda qaldı- Foto

13 May 2017 00:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, möhtəşəm açılış mərasimi Olimpiya stadionunda atəşfəşanlıqla sona çatdı.

***

Açılış mərasimi bədii hissə ilə davam etdi.

AzNews.az xəbər verir ki, prezident İlham Əliyev Oyunları açıq elan etdi. Ardınca tədbirin bədii hissəsinə start verildi.

Xalq artisti Alim Qasımov səhnədə quraşdırılmış minarədən Azan səsləndirdi.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva nitqlə çıxış etdi.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olundu.

Oyunlara ev sahibliyi etməyin Azərbaycan üçün böyük şərəf olduğunu deyən Mehriban Əliyeva dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını ingilis və Azərbaycan dillərində salamlayır. O, IV Oyunların keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlıq edərək deyir: “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir. İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur”. Ölkəmizin multikultural tarixinin açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsi olduğunu vurğulayan Mehriban Əliyeva qeyd edir ki, Azərbaycan İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərləri ilə bölüşməkdən fərəh duyur. Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq.

“Mən gözəl gənc könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə fəxr edirik. Sizin fədakarlığınız və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz bu Oyunları mümkün etdi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. Bu, sizin Oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq. Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə görə qarşınızda fərəh hissi ilə çıxış edirəm”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva çıxışını bu sözlərlə tamamlayır: “Gücümüz həmrəylikdədir! - Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək”.

Daha sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin keçdi. O, möhtəşəm tədbirin təşkilində göstərdikləri səylərinə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirərək, Oyunların İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə idmanın təşviqinə töhfə verəcəyinə, İslam aləmində gənclərə dəstək olacağına əminliyini ifadə etdi.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” ilə üst-üstə düşdüyünü vurğulayan Yusif Əl-Osaymin qeyd edir ki, Azərbaycan bununla multikulturalizmin gücləndirilməsində, mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir.

İslam Həmrəyliyi Oyunlarının dünyada ən böyük idman tədbirlərindən biri olduğunu diqqətə çatdıran baş katib deyir: “Bu Oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş təxminən 4000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir”.

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışı 54 ölkənin komandaların paradı ilə davam etdi.

AzNews.az xəbər verir ki, böyük heyətlə oyunlara qatılan Türkiyə komandası keçdi. Türkiyə 350 nəfərlə təmsil olunur. Artıq Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş komandaları tribunaların önündən keçib.

Sonda isə oyunlara ev sahibliyi edən ölkənin, yəni Azərbaycan milli komandasının üzvləri keçdi. Bayraqdarımız 5 qat dünya çempionu Rafael Ağayevdir. Komandamız oyunlara bütün növlərdə ümumilikdə 425 idmançı ilə qatılacaq.

Parad bitdikdən sonra Natiq ritm qrupu səhnəyə çıxdı.

***

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrlar göstərildi.

Suları toplayan 16 uşaq - Həyat Allahverdiyeva (Bakı), Murad Əliyarov (Naxçıvan), Mirrahil Ağayev (Astara), Səma Əliyeva (Şirvan), Tahir Quliyev (Sabirabad), Fatimə Şirinova (Ağcabədi), Zemfira Zalova (Horadiz), Aysu Salahova (Gəncə), Murad Namazov (Şəmkir), İsfəndiyar Kərimov (Mingəçevir), Ayşən Hüseynova (Qax), Şəfiqə Bayramzadə (Qəbələ), Mətin Bədəlov (Qusar), Günel Qonağova (Quba), Mirəkrəm Bağırlı (Qaradağ rayonu) və Səlim İmranlı (Sumqayıt) səhnəyə çıxırlar.

Onlar mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaldırlar. Bu zaman uşaqların arxasında pirotexniki şəlalə çağlamağa başladı.

***

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, stadionda Azərbaycanın Dövlət himni səsləndi.

Himnin sədaları altında Azərbaycan bayrağı stadiona gətirilir və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırılır. Stadionu “Şanlı Vətən” nidaları bürüydü.

Bununla eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başladı.

***

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, nəhəng monitorda İçərişəhərdən havaya qalxan Çərpələng göründü. Qızcığaz Mina və dostları bütün şəhər boyu çərpələngin arxasınca qaçaraq stadiona tərəf gəlir. Ekranda Alov Qüllələri, Qız Qalası, Filarmoniya Bağı, Heydər Əliyev Mərkəzi, nəhayət, Bakı Olimpiya Stadionu canlandı.

Stadionda əllərində çərpələng tutan uşaqlar 10-dan 1-ə geriyə saymağa başlayırlar. Geriyə sayımın bitməsi ilə açılış mərasiminə start verildi.

Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Birinci vitse-prezident və “Bakı 2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymini və digər qonaqları sürəkli alqışlarla salamlayırlar.

Olimpiya stadionunda bəstəkar Eldar Mansurovun “Yallı”sı səslənir. Musiqi sədaları altında səhnəyə 700 könüllü çıxır. Onlar əllərində parıldayan altıbucaqlı tutublar. Azərbaycan Dövlət Rəqs Ansamblının 7 metrlik ipək zolaqları yellədən 10 rəqqası onlara qoşulur.

Səhnədə aypara və ulduzlar formalaşdırılır, “Bakı-2017”nin loqosu nümayiş etdirilir. Altıbucaqlar Azərbaycan bayrağına çevrilir.

Aypara İslam təqvimində hər yeni ayın başlanmasını bildirir. Bu, həm də İslam həmrəyliyinin və əməkdaşlığının tarixində yeni fəslin başlanmasına işarədir.