Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti: “Sənədləşdirmədə səhvlərə yol verilib”

16 May 2017 18:52 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bəyanatda deyilir:

“Rusiya Federasiyasının Ali Məhkəməsi 2017-ci il mayın 15-də Azərbaycanın ən iri diaspor təşkilatının – Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğv edilməsi haqqında görünməmiş qərar qəbul edib. Rusiyanın, demək olar, bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını öz sıralarında birləşdirən bu təşkilat 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin təşəbbüsü ilə yaradılıb. Fəaliyyət göstərdiyi 16 il ərzində təşkilat Rusiyada vətəndaş sülhünün və millətlərarası həmrəyliyin möhkəmləndirilməsinə dəstək göstərilməsində, Rusiya ilə Azərbaycanın sosial-iqtisadi və mədəni əməkdaşlığının inkişafında və dərinləşməsində böyük rol oynayıb”.

F.Qurbanov qeyd edib ki, həmvətənlərimizin Rusiya mədəniyyətinə və ənənələrinə, yerli qanunlara, həyat şəraitinə və qaydalarına ahəngdar uyğunlaşması üçün onlara yardım göstərilməsi də təşkilatın fəaliyyətində əhəmiyyətli yer tutur. Hazırda ÜAK-ın regional təşkilatları regional və yerli hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyət göstərərək, zamanın çağırışlarına operativ reaksiya verilməsi istiqamətində böyük işlər görürlər.

ÜAK-ın prezidenti vurğulayıb: “Ancaq qeyd etmək lazımdır ki, ötən illərdə təşkilatın fəaliyyətində tələb olunan sənədləşdirmənin aparılmasında və tərtibində səhvlərə yol verilib, bəzən RF Ədliyyə Nazirliyinin məktublarına operativ reaksiya göstərilməyib, təşkilatın Mərkəzi Şurasının iclaslarının keçirilməsi üçün tələb olunan müddətlər pozulub (məsələn, 2016-cı ildə Mərkəzi Şuranın iclası noyabrın 25-ə nəzərdə tutulsa da, noyabrın 26-da keçirilib) və texniki xarakterli digər xətalara yol verilib. Amma RF Ədliyyə Nazirliyi keçirilən regional yığıncaqlarda qeyri-korrektliyə yol verilməsi barədə əsassız ittihamlar da irəli sürüb, hərçənd bu iradlar (hətta onlar əsaslı olsa belə) həmin yığıncaqlarda kvoruma və qəbul edilən qərarların legitimliyinə təsir göstərməyib. Onu qeyd etmək istəyirəm ki, bu iradlar təşkilatın mərkəzi orqanına aid edilə bilməz. RF Ədliyyə Nazirliyi irəli sürülən ittihamların qanunsuzluğu barədə bütün yazılı dəlilləri qəbul etməkdən qətiyyətlə imtina edir. Üstəlik, RF Ədliyyə Nazirliliyi dörd ay ərzində onların iradlarını hər dəfə tutarsız iradlar kimi rədd edəndə, təşkilatın fəaliyyətində yeni xətalar axtarmağa çalışıb. Bütün bunlar göstərir ki, RF Ədliyyə Nazirliyinin vəzifəsi səhvlərini düzəltməkdə təşkilata kömək etmək, sənədləşdirmənin aparılmasının düzgün təşkilində ona dəstək göstərmək olmayıb, bütöv bir xalqın Rusiya xalqının ayrılmaz tərkib hissəsi olan nümayəndələrinin diaspor təşkilatının ləğv edilməsi üzrə qarşıya qoyulan vəzifəni istənilən üsullarla həyata keçirmək olub. Bu isə yolverilməzdir!”.

F.Qurbanov qeyd edir ki, RF Ədliyyə Nazirliyi təşkilatın fəaliyyətinə dair heç bir ittiham irəli sürməyib! Bu da çox vacibdir! Deməli, RF Ədliyyə Nazirliyi təşkilatın Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə yönələn müsbət fəaliyyətini, habelə azərbaycanlıların Rusiyanın hüquqi müstəvisinə inteqrasiyası istiqamətində böyük işlərini tam bəyənir.

Əslində, irəli sürülən bütün ittihamlar (əsaslı və əsassız) sırf texniki xarakter daşıyır və onların təşkilatın müvəffəqiyyətlə həll etdiyi fundamental məsələlərə əsla aidiyyəti yoxdur.

Bəyanatda deyilir: “Məhkəmədə bəyan etdik ki, təşkilatın yeni rəhbərliyi artıq əvvəllər yol verilmiş səhvlərin aradan qaldırılması istiqamətində böyük işlər görüb, gələcəkdə belə xətaların təkrarlanmasını istisna edən kompleks tədbirlər işləyib hazırlayıb. Ancaq qabaqcadan qəbul edilmiş qərar məhkəmə yolu ilə həyata keçirilib.

Tam əminlik hissi ilə bildirirəm ki, müxtəlif KİV-lərin RF Ədliyyə Nazirliyinin addımlarının müxtəlif növ ekstremist qüvvələrin son vaxtlar Rusiya azərbaycanlılarına qarşı fəallaşması ilə əlaqədar olması barədə mülahizələri həqiqətə uyğun deyildir. Buna da əminəm ki, RF Ədliyyə Nazirliyinin addımlarının Azərbaycan rəhbərliyinə siyasi təzyiq vasitəsi kimi interpretasiya olunması da gerçəkliyi əks etdirmir. Qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi, iki ölkənin prezidentləri arasında şəxsi etimada əsaslanan yoldaşlıq münasibətləri istənilən problemi həll etməyə imkan verir.

Bu faktı təşkilatın fəaliyyətində sənədləşdirmənin aparılmasında mövcud olan xətalar və səhvlər fonunda RF Ədliyyə Nazirliyi aparatının orta vəsiləsinin işində qüsur kimi qiymətləndirmək lazımdır. Buna görə də bu hadisə ciddi narahatlıq doğurur. Hesab edirəm ki, RF Ali Məhkəməsinin qərarı ziyanlıdır və səmərəsizdir. Əslində, söhbət Rusiya azərbaycanlılarının vətəndaşlıq hüquqlarının məhdudlaşdırılmasından gedir.

Bütöv bir xalqın Rusiya Federasiyasında yaşayan nümayəndələrinin ictimai diaspor təşkilatını onun Rusiya Federasiyasının rifahı naminə böyük və faydalı işləri fonunda sənədləşdirmənin aparılmasında funksionerlərin xəta və səhvlərinə görə ləğv etmək olmaz, xüsusən də Azərbaycan xalqının diaspor təşkilatını. Bu xalq Rusiya xalqları ilə vahid tarixi-coğrafi məkanda yaşadığı 200 il ərzində heç vaxt dövlətin əleyhinə çevrilmiş qanunsuz terrorçu birləşmələrdə iştirak etməyib.

Sonuncu qurultayda təşkilatın rəhbərliyi yenilənib. O, təşkilatın yenilənməsinin əsas tezislərini, zamanın çağırışları tərəfindən həlli tələb olunan məsələləri formalaşdırıb. Qarşıya təşkilatın təkcə struktur fəaliyyətini deyil, həm də funksional fəaliyyətini prinsipcə yenidən qurmaq məsələsi qoyulub. Təşkilat həmvətənimizin doğma evinə çevrilməlidir. Burada onun vətəndaşlıq hüquqları müdafiə olunmalı, ona səhiyyə sahəsində kömək göstərilməli, Azərbaycan xalqının tarixi, onun zəngin mədəniyyəti, Qarabağ münaqişəsi barədə həqiqətlər Rusiyanın geniş ictimaiyyətinə çatdırılmalıdır. Ən başlıca məsələ isə Rusiya ilə Azərbaycanın qarşılıqlı maraqları müstəvisini genişləndirməkdir.

Təəssüf ki, bizi eşitmədilər. Ali Məhkəmənin qərarının xoşagəlməz nəticələri ola bilər.

Regional və yerli təşkilatların rəhbərlərinə müraciət edərək, onlardan sakitliyə riayət etməyi, ekstremist qüvvələrin fitnəkar hərəkətlərinə məhəl qoymamağı xahiş edirəm.

Biz Ali Məhkəmənin qərarını tamamilə rədd edirik! Ümidvar olduğumuzu bildiririk ki, RF-nin ali məhkəmə instansiyaları bizim dəlillərimizi və narahatlığımızı anlayışla qarşılayacaqlar.

Mən Rusiya Federasiyasının ali siyasi rəhbərliyindən və şəxsən Prezident Vladimir Vladimiroviç Putindən yaranmış vəsiyyətə diqqətlə yanaşmağı xahiş edirəm”.