Elşad Abdullayev prezidentə sensasion müraciət ünvanladı

8 Fevral 2013 10:13 (UTC+04:00)


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev ölkə başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova və qardaşı Mahir Abdullayevin işi ilə bağlı yaradılmış Müstəqil Istintaq Komissiyasının sədri Eldar Camalova müraciət ünvanlayıb. Elşad Abdullayev müraciətin bir surətini də "Azadlıq" qəzetinə göndərib.

Sabiq rektor Ilham Əliyev, Zakir Qaralov və Eldar Camalova ünvanladığı məktubda yenə də indiyə qədər çəkdiyi şəxslərin adını çəkir, qardaşının oğurlanmasında onlardan şübhələndiyini bildirir.

Bundan başqa, o, hazırda həbsdə olan Arzu Kazımovun vəkili Ramiz Zeynalovun zərərcəkmişi susdurmaq məqsədi ilə qanlı banda başcısı Hacı Məmmədov sayağı "Məlikməmməd nağılları" quraşdırmağa başladığın, Ramiz Zeynalovun Ramiz Mehdiyevə güvəndiyini yazır: "Ramiz Zeynalovun müsahibələrindən görünür ki, o, həbsdə olan Arzu Kazımovdan daha çox, mənə qarşı törədilmiş cinayətlərin əsas təşkilatçılarını bu işin arxasında duran Ramiz Mehdiyevi müdafiə etməyə çalışır. Ramiz Zeynalov iddia edir ki, Mahir Abdullayev qardaşı Elşad Abdullayevin pulunu götürüb qaçıb və bir müddət Kürdəmirdə, qohumlarının evində gizlənib, Elşad Abdullayev qardaşını özü öldürüb. O, daha sonra bir az da qabağa gedərək deyir ki, digər qardaşım Eldəniz Abdullayevi bəzi şeyləri bildiyi və bunu açıqlamaq istədiyi üçün mən zəhərləmişəm. Gördüyünüz kimi Ramiz Zeynalov məni xüsusi ilə ağır cinayətlər törətməkdə ittiham edir, mənə şər atır".

Daha sonra E.Abdullayev Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq idarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri Elmar Məmmədovun adını çəkərək iddia edir ki, onun 27 iyul 2012-ci il tarixli qərarı onu göstərir ki, prokrorluğun müstəntiqi Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərir.

E.Abdullayev yazır ki, prokurorluğun müstəntiqi Elmar Məmmədov cinayətin baş verdiyi müğənni Mətanət Isgəndərlinin evini və "nakolşik" Sənan Ibrahimovu gizlətməyə cəhd edir.

Məktubunun mabədində sabiq rektor qardaşının oğurlanma şəraiti barədə indiyə qədər dəfələrlə təsvir etdiyi şəraiti yenidən təkrarlayır və iddia edir ki, Mahir Abdullayev həmin dövrdə Bakı Şəhər Baş Polis Idarəsinin "banditizm" şöbəsinin rəisi Hilal Əsədovun bilavasitə rəhbərliyi ilə oğurlanıb.
"Önəmli fakt budur ki, Mahir qanunsuz oğurlandıqdan bir gün sonra saat 14.00 radələrində DIN-in 7-ci idarəsinin rəisi polkovnik Vaqif Şərifov Rövşən Abbasquliyevi mənim yanıma göndərib. Rövşən Abbasquliyev mənə bildirib ki, Vaqif Şərifov ona tapşırıq verib ki, mənə bildirsin ki, qardaşım Bakı Şəhər Baş Polis Idarəsinin "banditizm" şöbəsinin rəisi Hilal Əsədov tərəfindən oğurlanıb. Rövşən Abbasquliyevin danışdıqları yüzlərlə videogörüntülər vasitəsi ilə təsdiqini tapır.
Artıq ictimailəşmiş videogörüntülərdə həbsdə olan Arzu Kazımovun köməkçisi əsas "sehirli əli" gizlətmək məqsədi ilə deyir ki, Mahiri Azərbaycanda tanınmış şəxslər oğurlayıblar. Fikir verin, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat dövlətin rəhbərlərini belə şərləməkdən cəkinmirlər, onları ələ salırlar".

E.Abdullayev daha sonra qardaşının harada olması barədə ona verilən xəbərləri sadalayır. O, bu xəbərləri ona ötürən vəzifəli və əlaqəli şəxslərin adını çəkir. Belə məlum olur ki, E.Abdullayevə yoxa çıxmış qardaşının Mahaçqala şəhəri yaxınlığındakı Kaspiyskidə, daha sonra isə Lavaşinskidə olduğunu, Mahiri DIN-in Mütəşşəkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi oğurlandığını, 22 gündən sonra isə MTN-nə göndərilidiyini deyiblər. Daha sonra Mahirin Sankt-Peterburqda olduğunu, onu Sumqayıt yolunun üstündə "Laçın koridoru"nda saxlayıblar.
Bir neçə nəfər M.Abdullayevin MTN-də saxlanıldığını xəbər verib. Başqa bir nəfər isə E.Abdullayevə deyib ki, Mahiri elə adam oğurlayıb ki, ora nə MTN, nə prokurorluq, nə də polis girə bilər. Mahirin 14 oktyabr 2003-cü ildə Sumqayıtda toyda olduğunu, prezident seçkisindən 2 gün sonra evinə dönəcəyini bildirən də olub. ABU-nun bir tələbəsi öz rektoruna deyib ki, Mahir "Qarabulaq"dadır (E.Abdullayev qeyd edir ki, 2003-cü ildə biz hələ "Qarabulaq"ı tanımırdıq).
Bir falçı sabiq rektora bildirib ki, Mahir Zuqulbada bağda saxlanılır. Başqa bir nəfər Mahir Abdullayevin Vyanada, Mahir Cavadovun yanında olduğunu xəbər verib.
MTN Istintaq Idarəsinin rəisi Movlan Şıxəliyev ona Mahiri Parisdə gördüyünü, biznesmen-deputat Ilham Əliyev isə Mahirin Ingiltərədə, Kiprdə olduğunu söyləyib.
Daha sonra yenə M.Abdullayevin oğurlanmasında Hacı Məmmədovun adı çəkilib.

Bütün bunları təfərrüatlı şəkildə qeyd edən E.Abdullayev onu vurğulayır ki, qardaşının oğurlanması mütəşəkkil cinayətkar dəstə tərəfindən həyata keçirilib və onlar ona bu cür məlumatlar verərək izi azdırmağa çalışıblar.

AzNews.az