Güclü külək Daşkəsəndə fəsadlar törədib

19 May 2017 16:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Daşkəsən şəhər İ.Qayıbov küçəsi 30 və 30a, 5 mərtəbəli, S.Vurğun küçəsi 24a, 2 mərtəbəli yaşayış binalarının dam örtüyünə ziyan dəymişdir. İ.Qayıbov küçəsi 30a, 5 mərtəbəli yaşayış binasının dam örtüyünə olduqca ciddi ziyan dəymiş, güclü külək həmin binanın dam örtüyünü tamamilə sıradan çıxarmış, taxta konstruksiyalarla birlikdə binanın üstündən atıb.

10-dan artıq elektrik dayağı, 300 paqon metrdən artıq elektrik kabeli, 3 rabitə dayağı, 100 paqon metrdən artıq rabitə kabeli sıradan çıxıb.

Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.

Baş verən hadisə ilə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib.

Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.