Diqqət - Bu yollar bağlı olacaq

22 May 2017 16:35 (UTC+04:00)

Avtosfer.az-ın məlumatına görə, bağlanış mərasimi ilə əlaqədar bu gün Heydər Əliyev prospektinin “Excelsior” otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin “Azneft” meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq. Həmin ərazilərdən istifadə edən sürücülər Aeroport istiqamətinə getmək üçün Balaxanı yolundan, yaxud da Zığ yolundan istifadə etməklə aeroport yoluna çıxa bilərlər. Tamaşaçılar bağlanış mərasimini izləmək üçün Olimpiya Stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilən ekspress xətt avtobusları vasitəsilə gedə bilərlər. Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-də bitəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilib. Bundan başqa, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə tamaşaçılar (saat 17-00-dən 20.00-dək) 3 ekspress xətti üzrə seçilmiş istiqamətlərdən – metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaq. Mərasimdən sonra da tamaşaçılar ekspress xətt üzrə 3 istiqamətə - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına daşınacaq. Qeyd edək ki, bağlanış mərasimi zamanı tamaşaçıların ekspress xətlər və metro ilə daşınması ödənişsiz olacaq. Bundan başqa, Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olmasını nəzərə alaraq, ictimai nəqliyyatın hərəkəti də dəyişəcək.

AzNews.az