“680-700 bal toplayanların əksəriyyəti ikinci imtahanda iştirak edəcək” - Məleykə Abbaszadə

26 May 2017 11:51 (UTC+04:00)

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, ilk imtahanda aşağı nəticə göstərənlərin növbəti imtahanlarda iştirak etmək istəmədiyi müşahidə olunur. Yuxarı nəticə göstərən abituriyentlər isə yay imtahanında iştirak etmək istəyir: “Yaz imtahanlarında I qrup üzrə 680-700 bal toplamış 47 nəfərdən 28-i, II qrup üzrə 11 nəfərdən 8-i, III qrup üzrə 16 nəfərdən 12-si, IV qrup üzrə 19 nəfərdən 12-si yay imtahanında iştirak edəcək. Onlar şəxsi rekordlarını yeniləmək istəyirlərsə, bu, yaxşıdır. Ancaq məqsədləri digər abituriyentlərə, dostlarına kömək etməkdirsə, bilsinlər ki, yay imtahanında hansısa qanun pozuntusuna yol verəcək abituriyentin ilk imtahanda göstərdiyi nəticə ləğv olunacaq”.

M. Abbaszadə bu ildən bütün imtahan zallarında saatların quraşdırılacağını bildirib: “Saatlar arasında yaranan fərqi aradan götürmək üçün hər bir zalda elektron saatın olması nəzərdə tutulub. İndi müəyyən maliyyə imkanlarımız var. Hər bir imtahan zalında quraşdırılan saat hesabına abituriyentlər vaxtı izləyə biləcəklər”.

AzNews.az