Yupiter bildiyimiz kimi deyilmiş – NASA planetin yeni fotolarını yayımladı (Foto)

26 May 2017 17:48 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, fotolar planetin qütb dairələrində şiddətli qasırğaların oluğunu göstərir.

Planetin ekvatorunda sabit hava axını müşahidə olunsa da, qütblərdə atmosfer dəyişiklikləri qeydə alınıb.

“Cuno” kəşfiyyat aparatı görüntüləri 52 min kilometr hündürlükdən çəkib. Planetin atmosferində olan qasırğaların hər birinin çapı min və ya 2800 kilometr təşkil edir.

“İndiyə qədər Yupiteri, təkcə, ekvatordan müşahidə edir və onu belə tanıyırdıq. Lakin qütblərdən baxdıqda isə indi tamamilə başqa bir Yupiter görürük. Çox fərqli və mürəkkəb bir sistemlə qarşılaşmışıq” - deyə missiyanın rəhbəri Skott Bolton qeyd edib.

Hər biri alçaq təzyiqli siklonlar olan qasırğaların dinamik bir struktur olub-olmadığını və ya ekvator bölgəsindəki Böyük Qırmızı Ləkə kimi qalıcı bir təzyiq sahəsi yaradıb-yaratmadığını növbəti müşahidələrdə müəyyən etmək olacaq.

“Cuno” 2018-ci il fevral ayının 20-də planetin atmosferinə daxil olacaq və yanaraq öz missiyasını tamamlayacaq.

Bəxtiyar Abbasov

AzNews.az