“AzTV-də kifayət qədər norma pozuntuları aşkarlanıb” - Dilçilik İnstitutu

30 May 2017 12:15 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Nəzakət Qaziyeva “Telekanalların dil mənzərəsi” mövzusunda keçirilmiş dəyirmi masada deyib.

O bildirib ki, monitorinqlərə AzTV, İTV, ATV, Space, Lider telekanallarında yayımlanan xəbər, xəbərdən törəmə və əyləncə tipli verilişlər cəlb olunub. N. Qaziyeva deyib ki, ingilis dilindən alınan sözlərdə tələffüz zamanı olduğu kimi saxlanılır, bu da fonetik normanın pozulmasına gətirib çıxarır.

O qeyd edib ki, telekanallarda fonetik səviyyədə üstünlük təşkil edən norma pozuntularından biri də samitlərin tələffüzü ilə bağlıdır: “Qida” – “gida”, “qeyd” – “geyd” və s. nümunələri göstərə bilərik. Bundan başqa, vurğu düzgün qoyulmur. Vurğunun düzgün qoyulmamağı mənanın düzgün başa düşülməməyinə, hətta tamaşaçının yorulmasına gətirib çıxarır. Monitorinqlər zamanı dialekt faktlarına da rast gəlinib”.

İnstitut əməkdaşı əlavə edib ki, dövlət televiziyası – AzTV-də də kifayət qədər norma pozuntuları aşkarlanıb.

AzNews.az