Məmmədyarov Kolumbiya parlamentinin üzvləri ilə görüşdü

1 İyun 2017 10:56 (UTC+04:00)

AzNews.az XİN-ə istinadən xəbər verir ki, E. Məmmədyarov parlament diplomatiyasının Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafında xüsusi rola malik olduğunu bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Kolumbiya Senatının davamlı olaraq beynəlxalq hüquqa, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə öz təşəkkürünü çatdırıb.

Senatorlar 29-30 sentyabr 2016-cı il tarixlərində Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycanda səfərdə olduqlarını, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri və Milli Məclisin üzvləri ilə görüşlərini məmnuniyyətlə xatırlayıblar. Həmçinin, dost Azərbaycan xalqının yanında olduqlarını və gələcəkdə də iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar. Görüş əsnasında Kolumbiya Senatının vitse-prezidenti, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidenti, eləcə də senatorlar tərəfindən imzalanaraq qəbul edilmiş Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə nazir Elmar Məmmədyarova təqdim edilib. Nazir Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsini yüksək qiymətləndirdiklərini söyləyib.

E. Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində prezident Xuan Manuel Santos Kalderon, xarici işlər naziri xanım Maria Anxela Olgin, biznes dairələri ilə məhsuldar görüşlər keçirdiyini və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.