“Trampın Azərbaycan prezidentinə məktublarını çox yüksək qiymətləndirirəm” - Siyavuş Novruzov

1 İyun 2017 14:09 (UTC+04:00)

Bunu APA-ya açıqlamasında ABŞ prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktublarına münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, Heydər Əliyevin təməlini qoyduğu müstəqil xarici siyasət kursu uğurla davam etdirilir: “Azərbaycan beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlərlə bərabərhüquqlu şəkildə öz münasibətlərini qurur. Əfsuslar olsun ki, bəzi hallarda bəzi dövlətlər elə hesab edir ki, hər hansı ölkə onun dediyi ilə oturub-durmalıdır. Azərbaycan prezidentinin apardığı siyasətin əsas mahiyyəti Azərbaycan xalqının maraqlarıdır. Məhz bu baxımdan ABŞ prezidentinin Azərbaycan prezidentinə göndərdiyi məktubları da ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm. Azərbaycan həmişə ABŞ-ın siyasətində dost ölkə kimi xüsusi rol oynayıb. Azərbaycan antiterror əməliyyatlarında fəal iştirak edib, Əfqanıstanda sülhyaratma missiyası ilə əlaqədar yüklərin daşınması üçün hava məkanını ABŞ-a açıq elan edib, Azərbaycan hərbçiləri İraqda və Kosovoda amerikalı hərbçilərlə sülhyaratma missiyasında iştirak edib. Bütün bunlar göstərir ki, Azərbaycan verdiyi vədlərə və xarici siyasət kursuna sadiqdir”.

YAP icra katibinin müavini qeyd edib ki, Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır: “ABŞ şirkətləri də Azərbaycanda neft layihələrində aktiv iştirak edir. Son bir dövrü çıxmaq şərtilə, həm Corc Buşun, həm Bill Klintonun, həm də öncəki prezidentlərin dövründə Azərbaycan-ABŞ münasibətləri yüksək səviyyədə olub. Arada bəzi məsələlər olurdu, bu da “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” kimi bir sıra QHT-lərin fəaliyyətindən qaynaqlanırdı. Həmin QHT-lər saxta məqsədləri naminə müxtəlif addımlar atır, erməni lobbisindən maliyyə alır, idarə heyətlərinin üzvləri ermənilərdən ibarətdir. Onlar ABŞ-Azərbaycan münasibətlərində ziyanverici addımlar atmağa çalışıblar. Yaxud Azərbaycanda işləmiş, çalışmış, sonra ABŞ-a qaçıb orada yaşayan, yaxud Azərbaycanda işləmiş bəzi ABŞ səfirləri də münasibətlərə ziyan vurmağa cəhdlər göstəriblər. Məsələn, ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç ölkəmizdə güzəştli şəkildə neft biznesi ilə məşğul olmaq istəyib, buna nail olmadığı üçün bu gün beş-on QHT-ni toplayaraq Konqresdə, Senatda bir neçə konqresmen köməkçisi vasitəsilə Azərbaycan əleyhinə dinləmələr keçirir. Bunu da ABŞ-ın adına yazır. Eyni zamanda Azərbaycanda müəyyən müxalifət partiyalarının nümayəndələri, erməni lobbisinə xidmət edən insanlar Riçard Kozlariç adından çox istifadə edirlər. Fakt isə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri yüksələn xətlə istifadə edir və Azərbaycan müstəqil siyasətini davam etdirir”.

S. Novruzov qeyd edib ki, ABŞ prezidentinin məktubunda Azərbaycanın bölgədə enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilib, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə sadiqliyi qeyd edilib: “Azərbaycan hər bir dövlətlə necə bərabərhüquqlu münasibət qurubsa, bundan sonra da münasibətlər bu cür olmalıdır. Prezident İlham Əliyev Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu siyasəti çox uğurla həyata keçirir”.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa APA-ya açıqlamasında bildirib ki, ABŞ-ın Azərbaycana münasibəti barədə müəyyən illüziyalara qapılanlar anlamalıdırlar ki, Azərbaycana yaxşı tərəfdaş kimi böyük əhəmiyyət verilir: “Bu da Azərbaycanın imici, hamımız üçün vacibdir. ABŞ dünyanın super dövlətidir. ABŞ-ın xüsusən Azərbaycan kimi dövlətlə əlaqələrin inkişafında maraqlı olması bizim maraqlarımıza xidmət edir. Mən Donald Trampın Azərbaycan prezidentinə məktublarını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, həm də Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasətinin doğru istiqamətdə olmasının bir göstəricisidir. Çünki biz nə ABŞ-a, nə Rusiyaya, nə başqa dövlətlərə yaxın məsafəli siyasət izləməkdən daha çox, balanslı siyasət izləməyə üstündük veririk. Bunun da nəticələri elə bu məktublarda da görünür. Hər kəs Azərbaycana özünə bir tərəfdaş kimi yaxır. Yəni kiminsə yanında olan, kiməsə daha yaxın ölkə kimi baxılmır. Bu, müsbət bir tendensiyadır”.