Qərb Universitetinin təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib - Yenilənib

1 İyun 2017 17:00 (UTC+04:00)

Bu gün Qərb Universitetinin təşkilatçılığı ilə “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans işə başlayıb.

Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Konfransın plenar iclasını açıq elan edən Qərb Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov qonaqları salamlayaraq konfransın mövzusu barədə məlumat verib, onun əhəmiyyəti və mövzunun aktuallığını şərh edib.

Qərb Universitetin rektoru professor Andris Leitas konfransın proqramı, əhatə etdiyi istiqamətlər və miqyası barədə məlumat verib. Rektor bildirib ki, konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və s. də daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar iştirak edirlər. Konfransda islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında mühazirələr olacaq, müzakirələr aparılacaq.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə tolerant mühitin bütün dünya üçün nümunə ola biləcəyini qeyd edib və vurğulayıb ki, bu mühit ölkənin təhsil sistemində də özünü göstərir, müxtəlif xalqların nümayəndələri ölkəmizdə öz dillərində təhsil ala bilirlər.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai konfransın əhəmiyyətini vurğuladı, bütün dünyanı qayğılandıran sülh və təhlükəsizliyin təmin olunması üçün qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etdi.

Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mard Malena münaqişələrin beynəlxalq inteqrasiyada əsas təhlükə olduğunu diqqətə çatdıraraq konfransın əhəmiyyətli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun, Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadənin, TÜRKSOY-un baş katibi Düsein Kaseinovun, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik akademiyasının rektoru Urxan Ələkbərovun, Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdel Kareemin və İndoneziya Respublikasının Azərbaycandkı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin çıxışlarında da konfransın əhatə etdiyi ayrı-ayrı istiqamətlərə toxunuldu, konfransın əhəmiyyəti qeyd edilib.

Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirib.

Beynəlxalq konfrans iyunun 2-də də davam edəcək, bölmə iclaslarında mühazirələr dinləniləcək, müzakirələr aparılacaq.

Əlavə edək ki, Konfrans ərəfəsində dünyanın tanınmış təqdqiqatçılarının iştirakı ilə Qərb Universitetində bir sıra seminar, treyninq və mühazirələr təşkil olunub.

Konfrans zəngin mədəni proqramla da müşayiət olunur, xarici qonaqlar Azərbaycanın tarixi və mədəni irsini əks etdirən bir çox məkanları ziyarət edib, müxtəlif tədbirlərə qatılıblar.

Dünən qonaqlar Bakıda – İçərişəhərlə, Şirvanşahlar Sarayı və Azərbaycan Xalça Muzeyi ilə tanış olublar, daha sonra Heydər Əliyev Mərkəzində və Azərbaycan Tarix Muzeyində olublar.

Xarici tədqiqatçılar Azərbaycanın qədim tarixi irsi barədə məlumatları olduqca maraqla qarşılayıb, topladıqları informasiyaları öz ölkələrində bölüşəcəklərini bildiriblər.

15:10

***

AzNews.az xəbər verir ki, konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və s. də daxil olmaqla dünyanın 10-dan artıq ölkənin nümayəndələr, elmi tədqiqatçıları, Milli Məclisin deputatları, bir sıra dövlət qurumlarının rəhbərləri, nazirlər iştirak ediblər.

Konfransı giriş sözü ilə Qərb Universitetinin rektoru Andris Leitas açaraq gələn qonaqları salamladı. Bundan sonra söz Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova verildi. Nazir çıxışında müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin problemləri barədə konfras iştirakçılarına ətraflı məlumat verib.

Təhsil nazirinin müavini Firuddin Qurbanov, BMT-nin azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai, Müəllif Hüquqları Agentliyinin sədri Kamra İmanov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmməd və başqaları mövzu ətrafında çıxış edib.

Milli Məclisi deputatı Aydın Mizəzadə isə bildirib ki, xalqların özünüdərk və üzünütəsdiqinə ciddi ehtiyac var:

“Bu iki proses bir-biri ilə sıx bağlıdır. Bu iki amil arasında qızıl orta xəttin tapılması və ümumən götürdükdə hər bir xalqın özünüdərk prosesinə dünyada gedən proseslərin təsir etməsi vacib məsələlərdən biridir. Hesab edirəm ki, Azərbaycan bu prosesə daima öz töhfəsini verib"

Konfrans iyunun 2-də öz işini davam etdirəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az