“Trampın məktubları ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətini göstərir” - Deputat

1 İyun 2017 17:17 (UTC+04:00)

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, D.Tramp ABŞ prezidenti seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərinin hansı məcrada inkişaf edəcəyi hər kəsi maraqlandırırdı:

“ABŞ-ın yeni Administrasiyasının Azərbaycanla münasibətdə hansı mövqe tutacağını diqqətlə izləyirdik. ABŞ-Azərbaycan əməkdaşlığı çoxtərəflidir, terrorizmə qarşı birgə mübarizədən tutmuş bir çox sahələri əhatə edir və biz həmişə istəmişik ki, ABŞ-la münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində qalsın və davam etsin. Trampın məktubları bu məsələlərə aydınlıq gətirdi və ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu göstərdi”.

Deputat vurğulayıb ki, eyni zamanda ABŞ Prezidentinin məktublarında Azərbaycanın ABŞ-la indiyə qədər olan əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilir: “Bu məktublarda ABŞ-Azərbaycan əməkdaşlığının perspektivi ilə bağlı söylənilən fikirlər də qane edicidir. Hesab edirəm ki, bundan sonra ABŞ-Azərbaycan əməkdaşlığı qarşılıqlı anlaşma, bir-birinin maraqlarına hörmət və bütövlükdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində davam edəcək”.

AzNews.az