15 yaşayış binasında qəza qaz xəttinin bürünc açarları oğurlanıb - Sakinlər təhlükədə + Foto

1 İyun 2017 17:59 (UTC+04:00)

"Report" Cənub bürosunun verdiyi məlumata görə, şəhər ərazisində fərdi və çoxmərtəbəli yaşayış binalarında quraşdırılan qəza qaz açarları naməlum şəxslər tərəfindən oğurlanıb.

Növbəti belə hadisə ötən gecə şəhərin mikrorayon ərazisindəki bir neçə binada təkrarlanıb.

Belə ki, ötən gün təmir işləri ilə əlaqədar olaraq "mavi yanacağ"ın verilişində yaranan fasilədən istifadə edən naməlum şəxs və ya şəxslər II mikrorayon ərazisində, H.Abdullayev küçəsində yerləşən 12, 17 və 19 saylı beşmərtəbəli yaşayış binaların giriş hissəsindəki qaz kranlarını açaraq əhali üçün real təhlükə yaradıb.

Şəhərə qaz verildikdən sonra naməlum şəxslər tərəfindən qəzalı vəziyyətə salınan xətlərdə 32 millimetrlik borudan təzyiqlə qaz ətrafa və binanın daxilinə sızmağa başlayıb. Gecə saatlarında binanın sakinləri qaz iyinə oyanıb. Xoşbəxtlikdən hər hansı bədbəxt hadisə baş verməyib. Sakinlər dərhal qəza xidmətinə məlumat veriblər. Bəziləri isə kustar üsullarla da olsa qaz sızmasının qarşısını alıblar.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalıyev "Report"un yerli bürosuna bildirib ki, son iki ayda Lənkəran şəhəri ərazisində 15 beşmərtəbəli yaşayış binasında və fərdi yaşayış evlərində qəza qaz xəttinin bürünc açarlarının oğurlanması halı qeydə alınıb: "İki aya yaxındır rayon ərazisində qaz açarlarının bürüncdən olan hissələrinin oğurlanması barədə Lənkəran Regional Qaz İstismar İdarəsindən məlumatlar daxil olub. Eyni zamanda, hüquq-mühafizə orqanlarına da rəsmi olaraq müraciət olunub. Bununla yanaşı, tərəfimizdən əhalinin fasiləsiz olaraq təbii qazla təmin olunması üçün zəruri tədbirlər görülür"

AzNews.az