9 mindən çox abituriyent qəbul imtahanının II mərhələsində iştirak edəcək

1 İyun 2017 20:41 (UTC+04:00)

AzNews.az DİM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılıcaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olaraq istifadəçi adı və paroldan istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər zəruri məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

• Şəxsiyyəti təsdiq edən sənədin əslini;

• “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2017-ci il mayın 4-dən 22-dək aparılıb və 9522 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8664 nəfəri Azərbaycan bölməsi, 858 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4027 nəfərini oğlanlar, 5495 nəfərini qızlar təşkil edir. 5621 nəfər ali təhsil müəssisələrinin builki, 3901 nəfər isə əvvəlki illərin məzunudur. 19 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 89 imtahan rəhbəri, 867 nəzarətçi-müəllim ayrılıb. İmtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçiriləcək. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.