“Kasa Vinter” - Nasistlərin gizli bazası (Foto)

2 İyun 2017 11:38 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, bu ev nasistlərin gizli layihəsi olub.

“Kasa Vinter” Fuerteventura adasının cənub hissəsində təpənin ətəyində Kofete çimərliyində yerləşir. Ucqar yerdə yerləşən evi asanlıqla tapmaq mümkün deyil.

İddialara görə, İkinci Dünya Müharibəsi zamanı nasistlər burdan gizli baza kimi istifadə ediblər.

“Burada tədqiqat üçün geniş sahə var. Lakin heç kim bu torpaqların araşdırılması üçün mənə kömək etmir” – evdə yaşayan Pedro Fumero belə deyib.

48 yaşlı Pedro özü 2012-ci ildə “Kasa Vinter”ə köçüb. Həmin vaxt onun iki dayısı və xalası da bu evdə pis şəraitdə yaşayırmış.

İndi Pedronun buradan çıxarılması ehtimalı var. “Lopesan” mehmanxana şirkəti onun evini Qustav Vinterin varislərindən satın alıb.

Vinter 1893-cü ildə Şvartsvald şəhərində anadan olub. 1925-ci ildə Kanar adalarına köçüb. O, İspaniya vətəndaşı olan 104 almandan biri idi. İkinci Dünya Müharibəsinin sonunda müttəfiqlər onun təhvil verilməsini tələb edirdilər. Vinter casusluqda ittiham olunurdu. Hazırda Madriddə saxlanılan sənədlər onun alman casus olduğunu təsdiqləyir.

Müttəfiqlər onu məhkəməyə verməyə çalışsalar da, bu, mümkün olmadı. İspaniya hökuməti onu müttəfiqlərə təhvil verməkdən imtina etdi.

“Əminəm ki, Qustav Vinter alman sualtı qayıqlarının təchizatı ilə məşğul idi” – deyə Fumero qeyd edib. Fumero evdə tapdığı sualtı qayığa məxsus batareyaya və digər dəllillərə əsasən bu qənaətə gəldiyini bildirib.

“Əgər bunkerin üzərində deyilsə, belə bir qala tikmək nəyə lazım idi? Bu ev qətiyyən görüntü xətrinə tikilməyib”

Ev silahlanmış qalaya bənzər tikilinin daxilində yerləşir. Evin qeyri-adi böyüklükdə elektrik şəbəkəsi lövhəsi var.

Ehtimal etmək olar ki, qüllədən rabitə üçün istifadə olunub. Və ya, ola bilsin ki, bu, mayak rolunu oynayıb.

Yerli tarixçilər qeyd edirlər ki, burada sahilyanı bölgələr dənizin dibi dayaz olduğu üçün gəmilərin hərəkətinə əlverişsiz idi. Bununla belə, alimlər Ajuy buxtasının gəmilər və sualtı qayıqlar üçün əlverişli olduğunu təsdiqləyiblər.

Evin ən böyük otaqları zirzəmidə yerləşir. Burada otaqların hündürlüyü 2 metrə çatır. Evdə bir neçə pəncərəsiz otaq və tunelə oşxayan uzun dəhliz yerləşir.

Fumero iddia edir ki, burada əsirləri saxlayıblar.

Sənədə əsasən, ev 1946-cı ildə tikilib. Lakin Fumero onun daha əvvəl tikildiyini qeyd edir.

İkinci Dünya Müharibəsinin başlanğıcında İspaniya bitərəf elan olunmuşdu. Bununla belə, İspaniya almanları mədənlər və əsgərlərlə təmin edirdi. Kanar adaları kimi yerlərdə isə Franko rejimi nasistlərə maddi-texniki dəstək göstərirdi. İddialara görə, ispanlar qeyri-rəsmi olaraq Hitler koalisiyasının tərəfində idilər.1940-1942-ci illərdə İspaniya limanları alman sualtı qayıqlarının yanacaqdoldurma məntəqəsinə çevrilmişdi.

Yazıçı Alberto Vaskes-Fiqero “Fuerteventura” romanında qeyd edir ki, ada sakinlərinin adanın cənub qurtaracağına getməsi 1950-ci illərə qədər qadağan olunmuşdu.

Alman sualtı qayıqlarının Kanar arxipelaqında olması tarixi faktdır.

Tarixçilər qeyd edirlər ki, yerli limanların tankerlər tərəfindən mütəmadi olaraq istifadəsi ilə yanaşı, alman sualtı qayıqları 1941-ci ilin may ayından iyul ayına kimi Las Palmas limanına 6 dəfə yanaşıblar. Bu fakt Qran-Kanariya adasında yerləşən Böyük Britaniyanın rəsmi şikayətinə də səbəb olub.

“Kasa Vintera”ya sahib olan “Lopesan” şirkəti evi kurort mərkəzinə çevirmək niyyətində olmadığını açıqlayıb. Şirkət rəhbərliyi qeyd edib ki, onlar orada ölkəşünaslıq muzeyi yaradacaqlar.

Fumero bildirib ki, o, daha vacib informasiyanın torpağın altında gizləndiyinə əmindir. O evin təbii formada yaranmış mağarada yerləşdiyini qeyd edir.

Bəxtiyar Abbasov

AzNews.az