Aygün Bəylərin qardaşının cinayət işi üzrə məhkəmə istintaqı başladı

2 İyun 2017 14:12 (UTC+04:00)

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham üzrə F.Məmmədzadə, A.Hümmətov, E.Əsirov, C.Alxasov özünü təqsirli bilməyib, digər iki şəxs E.Alxasovla R.Əsirov isə özlərini qismən təqdirli biliblər.

Təqsirləndirilən E.Alxasov məhkəmə prosesinin qapalı keçirilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Sonra təqsirləndirilən Fuad Məmmədzadə ifadə verib və bildirib ki, digər təqsirləndirilən Elmir Alxazovla sinif yoldaşı olub. Onun sözlərinə görə, hadisə günü E. Alxazov onu evinə çağırıb: "Evə çatmağımıza bir az qalmış Elmiri yolda gördük. Onun rəngi qaçmışdı. Onu evə aparmağımızı istədi. Evə daxil olanda Elnur Hümbətovun meyitini gördüm. Onun ağzı qan içində idi. Ramil Əsirov meyitin yanında dayanmışdı. Ondan nə baş verdiyini soruşdum. Ramil qohumlar arasında söhbət olduğunu, mənim işə qarışmamağımı istədi. Sonra mənim halım pisləşdi və məni evə apardılar. Məndən hadisə haqqında heç kimə heç nə deməməyimi tələb etdilər".

F. Məmmədzadə prokuror və vəkillərin suallarını da cavablandırıb. O bildirib ki, heç vaxt narkotik istifadəçisi olmayıb: “Əgər bilsəydim ki, bunlar narkotik əkir, heç onlara yaxın getməzdim. Həbs ediləndən sonra narkotik ittihamından xəbər tutdum".

Prokuror F.Məmmədzadənin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər olduğunu bildirib. F.Məmmədzadənin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Elan olunan ifadədə F. Əhmədzadə narkotik satılmasından xəbərdar olduğunu qeyd edib.

F.Məmmədzadə isə istintaqa ifadə verərkən səhhətinin pisləşdiyini və nə danışdığını xatırlamadığını deyib. O, yalnız məhkəmədəki ifadəsini təsdiq etdiyini qeyd edib.

Məhkəmə prosesi iyunun 16-da davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2016-cı il avqustun 29-da yaydığı məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümbətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilərək basdırılması müəyyənləşdirilib. E. Hümbətovun meyiti eksqumasiya edilib. İstintaq orqanı tərəfindən Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil Əsirov və qardaşı Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb.

Cinayət hadisəsini törətməkdə təqsirləndirilən şəxslərdən Abbas Hümbətov müğənni Aygün Bəylərin qardaşı, qətlə yetirilən Elnur Hümbətov isə əmisi nəvəsidir.

AzNews.az