Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

8 İyun 2017 19:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

“Sizi Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik olan ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bu illər ərzində daim möhkəmlənib, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli yüksəlişlə müşayiət olunub. Biz Tacikistan-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatmasını qiymətləndiririk və ölkələrimizin müasir qarşılıqlı münasibətlərinin yeni praktiki məzmun kəsb etməsində maraqlıyıq. Əmin olduğumu bildirirəm ki, xalqlarımızın və dövlətlərimizin köklü maraqlarına cavab verən Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinə ümumi səylərimizlə daha böyük səmərə və dinamizm verə bilərik. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm”.

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov da İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib: “Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm. Son illər Azərbaycan iqtisadiyyatda və sosial sahədə nəzərəçarpan uğurlar əldə edib, iqtisadi, ictimai-siyasi və mədəni inkişafın bir sıra istiqamətlərində aparıcı mövqelər qazanaraq beynəlxalq aləmdə nüfuzunu möhkəmlədib. Azərbaycan və Dağıstan xalqlarını tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır, bizim mədəniyyətimizdə, dinimizdə ortaq cəhətlər çoxdur. Azərbaycan Respublikası Dağıstanın ən böyük ənənəvi xarici ticarət tərəfdaşıdır. Biz Azərbaycan rəhbərliyinin qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək, müxtəlif sahələrdə müştərək perspektivli layihələr həyata keçirmək üçün səmimi səylərini yüksək qiymətləndiririk. Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq əminəm ki, dostluğumuzu və səmərəli qarşılıqlı əlaqələrimizi qoruyub saxlamaq naminə bundan sonra da səylərimizi artıracağıq. Hörmətli İlham Heydər oğlu, Sizə, bütün Azərbaycan xalqına qurucu əməyinizdə uğurlar, sülh və firavanlıq arzu edirəm”.