AzNews.az xəbər verir ki, Hacıbaba Bağırovun 85 ilik yubileyi ilə əlaqədar Musiqili Teatrın kollektivi unudulmaz akrtyorumuzun məzarını ziyarət edib. Burada kollektivin əməkdaşları ilə yanaşı, Hacıbaba Bağırovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, onu sevənlər iştirak edib.
Musiqili Teatrın direktoru Əliqismət Lalayev, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, gənc aktrisa Gültac Əlili çıxışlarında mədəniyyət tariximizə adını qızıl hərflərlə yazmış Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, canlandırdığı obrazların özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşdülər, böyük sənətkarın işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.
Yubiley tədbirləri çərçivəsində daha sonra Musiqili Teatrda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət təşkil olunan sərginin açılışı olub. Sərginin açılış mərasimində Musiqili Teatrın direktoru Ə. Lalayev, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, aktyor Nadir Xasıyev və başqaları Hacıbaba Bağırovla bağlı unudulmaz məqamlardan söz açıb, onun yadigarı olan Şölə Bağırovaya atasına layiq övlad olmağı, yaradıcılıq uğurları arzulayıblar. Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından Dövlət Musiqili Teatrının kollektivinə, Hacıbaba Bağırovun sənətini sevən hər kəsə minnətdarlığını çatdırıb.
Silsilə yubiley tədbirlərinin sonunda vaxtı ilə Hacıbaba Bağırovun Məşədi İbad obrazını canlandırdığı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunub.
AzNews.az