Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər

13 İyun 2017 15:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün universitetin İşgüzar inzibatçılıq fakültəsinin “Marketinq” ixtisasında təhsil alan tələbələr “Açıq Kitab” (“Open Book”) üslu ilə imtahan veriblər. Bu imtahan forması tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq, düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.

Universitetin İmtahan Mərkəzindən verilən məlumata görə imtahan keçirilən müddətdə, tələbə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilər: “Bununla belə suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir”.

Məlumat üçün bildirək ki, ötən semestrdən etibarən Qərb Universitetində tələbələr imtahan modelini özü müəyyən edir. Dəyişikliyə əsasən tələbələr semestr boyu keçdikləri fənlər üzrə, müvafiq kursun formatına uyğun olaraq təklif olunan imtahan modellərindən birini seçərək imtahan vermək şansı əldə edirlər. Mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir.

Əlavə edək ki, bir müddət öncə edilmiş dəyişikliyə əsasən tələbələrin biliklərinin qiymətləndirilməsində Qərb Universiteti daha bir yeniliyə imza atmışdı. Belə ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.